8 Aprel 12:39
786
12 Punto 14 Punto 16 Punto 18 Punto

Moskvada son terror aksiyasından sonra Rusiyada işləyən Mərkəzi Asiya vətəndaşlarına qarşı siyasət sərtləşib. Miqrantların bir qismi Rusiyanı tərk etmək məcburiyyətində qalıb.

Teleqraf.com xəbər verir ki, bu barədə “Atlas” Araşdırmalar Mərkəzinin təhlilində deyilir.

Məqalədə bildirilir ki, terror aktından sonra Rusiya ərazisində Mərkəzi Asiyadan olan miqrantlara qarşı zorakılıq halları artıb:

“Halbuki terror hücumuna görə məsuliyyəti İŞİD terror qruplaşmasının Cənubi-Mərkəzi Asiya, ilk növbədə Əfqanıstanda fəaliyyət göstərən və bu bölgələrdən olan üzvlərin də daxil olduğu “İslam Dövləti-Xorasan Vilayəti” öz üzərinə götürüb.

Mərkəzi Asiya ölkələrinin iqtisadiyyatları tarixən Rusiyadakı miqrant əməkçilərin pul köçürmələrindən asılı olub. Əgər miqrantlar kütləvi şəkildə geri qayıdarlarsa, bu, Mərkəzi Asiya ölkələrinin sosial problemlərini artıracaq. Bu səbəbdən region ölkələri digər iqtisadi tərəfdaşları olan Çinlə əlaqələri gücləndirməyə çalışırlar. Bu zaman Çinin uyğurlara qarşı sərt siyasəti nəzərə alınmayacaq. Çindən qaçan uyğurların bir qismi Mərkəzi Asiya ölkələrində sığınacaq tapıblar.

Uyğurların hüquqlarının müdafiəsi ilə məşğul olan, Vaşinqtonda yaşayan Saleh Xudayarın sözlərinə görə, uyğurlara qarşı zorakılaqlara baxmayaraq, Mərkəzi Asiya ölkələri Çinlə əlaqələri dərinləşdirmək siyasətinə üstünlük verəcəklər. Məsələn, Çinin ictimai təhlükəsizlik naziri Van Syaohonq Özbəkistan Prezidenti Şavkat Mirziyoyevlə təhlükəsizlik məsələləri üzrə danışıqlar aparıb. Aprelin 1-də keçirilən görüşdə müasir çağırışlar və təhlükəsizliyə təhdidlərə qarşı mübarizədə praktiki əməkdaşlığın daha da genişləndirilməsi və birgə səylərin əlaqələndirilməsi məsələləri müzakirə olunub.

Pekinin Özbəkistan və Qazaxıstandan əsas istəyi odur ki, Daşkənd və Astana uyğurlara sığınacaq verməsin, keçmiş illərdə sığınacaq tapan uyğurların fəaliyyətləri barədə isə Çinlə əməkdaşlıq etsin. Çin və Mərkəzi Asiya üzrə ekspert Temur Umarovun fikrincə, Mərkəzi Asiya liderlərinin Çinlə iqtisadi və təhlükəsizlik əlaqələrini gücləndirmək üçün bütün addımları atmağa hazırdılar. Onun sözlərinə görə, bu, Mərkəzi Asiya ölkələri liderlərinin praqmatizmindən irəli gəlir: “Onlar açıq şəkildə anlayırlar ki, Çinsiz öz iqtisadiyyatlarının inkişafı və siyasi sabitliyini təsəvvür etmək mümkün deyil”.

“Atlas”ın analitikləri xatırladırlar ki, Mərkəzi Asiyadan Çinə bütün logistik qovşaqlar və enerji ixracı xətləri uyğurların yaşadıqları Sincandan keçir:

“Bundan başqa, Mərkəzi Asiyada filialları olan şirkətlər və onların investisiya layihələrinin əksəriyyəti Sincanla əlaqəlidir. Çin Mərkəzi Asiyanın 5 dövləti üçün əsas ticarət tərəfdaşıdır. Qazaxıstan KİV-lərinin məlumatına görə, keçən il ikitərəfli ticarət 31.5 milyard dollara çatıb, Sincan 64 faizdən çox, yəni 20.3 milyard dollar töhfə verib.

Türkiyənin də Mərkəzi Asiya ölkələri kimi Çinlə sıx iqtisadi əlaqələri var. Ankara Çindən başlayan nəqliyyat xətlərinin Türkiyədən keçməsini istəyir. Buna baxmayaraq, Ankara uyğur mövzusunu arxa plana atmır. Doğrudur, Ankara insan haqları pozuntularına görə Pekini Qərb ölkələri kimi ittiham etmir, ancaq uyğur mövzusunun Türkiyə cəmiyyəti üçün həssas olduğunu Çin hakimiyyətinin diqqətinə çatdırır”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər