Almaniyanın xarici işlər naziri Annalena Berbok və İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahyan arasında telefon danışığı olub.
Teleqraf.com xəbər verir ki, bu barədə Almaniya Xarici İşlər Nazirliyi bildirib.
Məlumata əsasən, danışıq zamanı nazirlər “Yaxın Şərqdəki gərgin vəziyyəti” müzakirə ediblər.
"Heç kəs regionda vəziyyətin daha da gərginləşməsində maraqlı ola bilməz. Bölgədəki bütün aktorları məsuliyyətlə hərəkət etməyə və təmkinli olmağa çağırırıq", - deyə nazirlik "X" sosial şəbəkəsində bildirib.
A.Berbok danışığı Çilinin xarici işlər naziri Albert Van Klaveren ilə görüşdən sonra mətbuat konfransı zamanı şərh edib: "Yaxın Şərqdə regional eskalasiyanın qarşısını almaq üçün bu günlərdə bütün diplomatik xətlər cəlb olub. Heç kim vəziyyətin tamamilə gözlənilməz nəticələri ilə gərginləşməsində maraqlı ola bilməz", - deyə o bildirib.