Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bayram tətilindən sonra ilk səfərini aprelin 22-də İraqa edəcək.
Teleqraf.com xəbər verir ki, 12 ildən sonra ilk dəfə baş tutacaq səfərin ikitərəfli münasibətlərdə sıçrayış yaradacağı gözlənilir.
Ərdoğanın səfəri zamanı iki ölkə arasında təhlükəsizlik məsələləri ön planda olacaq. PKK terror təşkilatı ilə mübarizədə atılacaq birgə addımlara dair qərar veriləcək. Türkiyə liderinin səfərində ən azı 25 maddədən ibarət olacağı gözlənilən anlaşmanın imzalanması planlaşdırılır.
Mayın 9-da ABŞ-yə gedəcək Ərdoğan Prezident Co Baydenlə təkbətək görüşəcək. Türkiyənin F-16 alması və F-35 proqramına daxil edilməsi gündəmdə olacaq. Ərdoğan-Bayden görüşündə terrorla mübarizə də var. Ərdoğan Suriyada İŞİD-lə mübarizədə Ankara ilə koordinasiyalı addımların atılması və PYD-YPG terror təşkilatına dəstəyin dayandırılması ilə bağlı mesajlar verəcək. Görüşdə digər gündəm mövzusu Qəzza olacaq.
Türkiyə prezidenti aprel-may aylarında Ankarada mühüm qonaqları da qəbul edəcək. Tanzaniya Prezidenti Samiya Suluhu Həsən aprelin 18-də Türkiyəyə gələcək. Ankaranın ikinci qonağı Almaniya Prezidenti Frank Valter Ştaynmayerdir. Bu, Almaniyadan 10 ildən sonra ilk prezident səfəri olacaq. Ərdoğanın üçüncü qonağı Yunanıstan Baş naziri Kiriakos Mitsotakisdir.
Apreldə Türkiyəyə gələcəyi gözlənilən mühüm qonaqlardan biri də Rusiya Prezidenti Vladimir Putindir. Səfər zamanı fəaliyyəti dayandırılmış taxıl dəhlizinin yenidən açılması üçün atılacaq addımlar müzakirə olunacaq. Ərdoğanın digər qonağının Misir Prezidenti Əbdülfəttah əs-Sisi olacağı gözlənilir.