MDB ölkələri anlayır ki, ABŞ quruma daxil olan bütün dövlətlərə təsir göstərməyə çalışır.
Teleqraf.com “Report”a istinadən xəbər verir ki, bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov MDB Xarici İşlər Nazirləri Şurasının iclasından sonra keçirilən mətbuat konfransında bildirib.
MDB ölkələrinin işlərinə xarici müdaxilənin müzakirə olunub-olunmaması ilə bağlı sualı cavablandıran Lavrov bunun sözügedən iclasda müzakirə edildiyini vurğulayıb.
“Bəli, bu, iclasda müzakirə olunub. Bunu hər kəs çox yaxşı başa düşür: ABŞ və onun müttəfiqləri ümumi məkanımızın bütün regionlarını təsir altına salmağa çalışır”, - Lavrov qeyd edib.
Onun sözlərinə görə, Qərb Qafqazda, xüsusən də Cənubi Qafqazda vəziyyətin sabitləşməsinə dair razılaşmaları pozmağa çalışır:
"Onlar Ermənistanla Azərbaycan arasında Rusiyanın yardımı ilə əldə edilmiş razılaşmaların həyata keçirilməsinə imkan vermək istəmirlər. Mərkəzi Asiyaya da çox fəal şəkildə nüfuz edirlər. Rusiyaya qarşı yönəlmiş müxtəlif formatlar yaradırlar. Eyni xətt Moldovaya münasibətdə də, bir çox başqa yerlərdə də aparılır”.
Lavrov əlavə edib ki, Rusiyanın tərəfdaşları birlik çərçivəsində əməkdaşlıq prinsiplərinə sadiqdirlər.