Yanvarın 28-29-da Kiyevdə, GUAM-ın Katibliyində qurumun Milli Əlaqələndiricilər Şurasının (MƏŞ) 33-cü iclası keçirilib. Bu barədə AzərTAc-a qurumun Kiyevdəki qərargahından məlumat veriblər.
Azərbaycan tərəfini müşavirədə Azərbaycan Xarici İşlər Nazirliyinin Regional Təhlükəsizlik İdarəsinin rəisi Tofiq Musayev təmsil edib.
MƏŞ “Birləşmiş Millətlər Təşkilatı ilə Demokratiya və İqtisadi İnkişaf uğrunda Təşkilat – GUAM arasında əməkdaşlıq” haqqında qətnamə layihəsinin mətnini təsdiq edib və “GUAM məkanında uzun sürən münaqişələr və onların beynəlxalq sülh, təhlükəsizlik və inkişaf üçün nəticələri” haqqında qətnamənin layihəsinin icrası məsələsinə dair fikir mübadiləsi aparıb.
Tərəflər qurumun sahələr üzrə əməkdaşlıq, o cümlədən iqtisadiyyat və ticarət, energetika, nəqliyyat, habelə hüquq mühafizə sahələrində əməkdaşlıq məsələlərini nəzərdən keçiriblər.
İclasda GUAM-ın digər ölkələr və beynəlxalq qurumlar ilə əməkdaşlıq mövzuları da müzakirə edilib.