ABŞ-nin yeni hərbi yardımı təmin edilməyincə, Ukrayna cəbhədə uğursuzluqla hədələnir.
Teleqraf.com xəbər verir ki, bu barədə ABŞ-nin Müharibə Araşdırmaları İnstitutu (ISW) məlumat yayıb.
Amerikalı analitiklərinin fikrincə, cəbhədə vəziyyət pisləşməyə davam edə bilər: "Xüsusən də Rusiya ordusu ABŞ yardımı gəlməzdən əvvəl məhdud imkan pəncərəsindən yararlanmaq üçün hücumları gücləndirsə... Ukrayna qüvvələri yaxın həftələrdə ABŞ-nin Kiyevi cəbhəni sabitləşdirməyə imkan verəcək təhlükəsizlik yardımını gözlədiyi üçün əlavə uğursuzluqlarla üzləşə bilər. Amma ABŞ-nin yeni yardımı tez bir zamanda gələrsə, Rusiyanın hazırkı hücumunu cilovlaya biləcəklər", - təhlildə deyilir.
Analitiklərin fikrincə, ABŞ-nin yeni yardımı bir neçə həftə ərzində cəbhədəki vəziyyətə təsir göstərməyə başlamayacaq.
ABŞ-nin Ukraynaya yardım göstərməməsi fonunda ruslar cəbhədə müəyyən irəliləyiş əldə edə biliblər. ISW xüsusən ukraynalıların artilleriyasının olmadığını qeyd edib.
Aprelin 20-də ABŞ Nümayəndələr Palatası Ukraynaya təhlükəsizlik sahəsində kömək üçün 61 milyard dollarlıq paketi təsdiqləyib. ABŞ Senatı gələn həftə Ukraynaya yardımı dəstəkləyə bilər. Daha sonra sənədi ABŞ Prezidenti Co Bayden imzalamalıdır.