Türkiyə polisi ölkənin hava limanlarında gücləndirilmiş iş rejiminə keçib.
Bu barədə Trend cümə günü “Milliyet” qəzetinə istinadən xəbər verir.
Buna səbəb müxtəlif ölkələrdən 200-dən artıq terrorçunun “İslam Dövləti” təşkilatının yaraqlılarına qoşulmaq üçün Suriyaya keçmək məqsədilə Türkiyəyə gəlmək niyyəti ilə bağlı məlumatlardır.
Həmçinin, xəbər verilir ki, “İslam Dövləti” təşkilatına qarşı mübarizə çərçivəsində dünən 10 nəfər ölkədən çıxarılıb. Onların hansı ölkələrin vətəndaşları olduqlarına dair məlumat verilmir.
Bir müddət əvvəl Türkiyə hakimiyyəti bildirmişdi ki, Avropa ölkələrinin kəşfiyyat xidmətləri terror fəaliyyətində şübhəli bilinən şəxslər barədə məlumatları təqdim etmirlər. Nəticədə həmin şəxslər Türkiyəyə gələrək oradan Suriyaya yollanırlar. Türkiyə tərəfi bunu bəzi dövlətlərin ölkələrin daxilindəki radikallardan bu yolla xilas olmaları ilə izah edir.