Yanvarın 30-da Vaşinqtonda ABŞ-ın nüfuzlu analitik mərkəzlərindən biri olan “Atlantik Şura”sının hazırda Avropa İttifaqına sədrlik edən Latviya ilə birgə təşkil etdiyi “Avropanın Şərqi üçün Transatlantik Strategiyaya doğru” adlı konfransda Azərbaycanı Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov təmsil edib.
Azərbaycanın ABŞ-dakı səfirliyindən Teleqraf.com-a verilən məlumata görə, Slovakiya və Gürcüstan xarici işlər nazirləri, Ukrayna xarici işlər nazirinin müavini və Polşa xarici siyasət idarəsinin yüksək rütbəli təmsilçi ilə birlikdə “Bütöv və Azad Avropaya doğru” başlıqlı paneldə çıxış edən Səməd Seyidov Azərbaycanın Şərq Tərəfdaşlığında iştirakı barədə fikirləri ilə bölüşüb.
O, ilk əvvəl bu proqram çərçivəsində əldə olunmuş mühüm nəticələri, xüsusilə ötən dövrdə tərəflər arasında viza proseduralarının sadələşdirilməsi və readmissiya haqqında sazişlərin bağlanması və Azərbaycanın bir sıra Avropa İttifaqı proqramlarında iştirakına yol açan əlavə protokolun razılaşdırılmasını misal gətirib. Millət vəkili bundan əlavə enerji sahəsində aparılan uğurlu dialoq və Cənub Qaz Dəhlizinin reallaşdırılması istiqamətində göstərilən qarşılıqlı səyləri vurğulayıb.
Eyni zamanda, Səməd Seyidov bəziləri tərəfindən insan hüquqlarından geosiyasi məqsədlər üçün istifadə olunmasını irad tutub. O, bu mənada Avropa İttifaqıinstitutları tərəfindən Azərbaycana qarşı vaxtaşırı atılan addımların elə Avropanın öz maraqlarının əleyhinə getdiyini qeyd edib.
Post-sovet məkanında mövcud münaqişələrə münasibətdə beynəlxalq hüquq prinsiplərinin tətbiqində selektiv yanaşmaya yol verildiyini söyləyən Parlamentin Komitə sədri bu kontekstdə Azərbaycan torpaqlarının 20 faizinin işğal altında qaldığını xatırladıb. O, əlavə edib ki, ABŞ və beynəlxalq ictimaiyyət vaxtilə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı müvafiq tədbirlər görmüş olsa idi, digər post-sovet ölkələrində oxşar hadisələr təkrarlanmaz idi. Mövzu üzrə fikrini davam etdirmişSəməd Seyidov həmçinin sanksiyaların tətbiqi məsələsində ikili standartların nümayiş etdirildiyini göstərib.
Nəhayət, Azərbaycan Milli Məclisinin üzvü Şərq Tərəfdaşlığının gələcəkdə uğurlu icrasının təmin edilməsi üçün keçmişdə buraxılmış səhvlərin dərindən təhlil edilməsi və lazımı nəticələrin çıxarılmasının vacibliyini ifadə edib. /APA/