Tiflisdə 100-ə yaxın insan eks-prezident Mixail Saakaşvilinin təsisçisi olduğu Vahid Milli Hərəkat Partiyasının (VMH) mərkəzi ofisinin pəncərələrini sındırıb və avadanlıqları zədələyib.
Teleqraf.com xəbər verir ki, bu barədə partiyanın bəyanatında deyilir.
“Yarım saatdan çox davam edən vandal hücumda ofisin fasadı zədələnib, şüşələr sındırılıb və partiyanın inventarına da ziyan dəyib”, - partiya bildirib.
VMH hücumda hakim “Gürcü Arzusu” Partiyasını ittiham edir. Saakaşvili tərəfdarları hesab edirlər ki, hakimiyyət bununla “Xarici agentlər haqqında” qanunun qəbuluna qarşı bir aydan çoxdur etiraz edənlərdən qisas almağa çalışır.
Mayın 14-də Gürcüstan parlamenti “Xarici təsirin şəffaflığı haqqında” qanunu üçüncü oxunuşda qəbul edib. Bu, Avropa Birliyinin ölkənin inteqrasiyasının dayandırılması təhlükəsi ilə bağlı sərt bəyanatlarına səbəb olub. Respublika Prezidenti Salome Zurabişvili mayın 18-də qanuna veto qoyub, amma parlament bunu mayın 28-də ləğv edib.