Almaniyada daha bir siyasətçiyə hücum olub.
Teleqraf.com yerli KİV-lərə istinadən xəbər verir ki, Mannheim şəhərində bələdiyyə şurasına namizəd, "Alternative für Deutschland" (AfD) partiyasının üzvü olan siyasətçi bıçaqlı hücuma məruz qalıb.
Hadisə ilə bağlı AfD Mannheim təşkilatı məlumat yayıb.
Məlumatda deyilir ki, hadisə Rheinau rayonundakı bazar meydanı yaxınlığında baş verib. Şəhər şurasına namizədliyini irəli sürən siyasətçi bəzi şəxslərin onun plakatlarını cırdığını görüb və bunun səbəbini soruşduqda bıçaqlı hücuma məruz qalıb.
Xəsarət alan siyasətçi xəstəxanaya yerləşdirilib.
Hadisənin radikal solçular tərəfindən törədildiyi iddia edilir.
Qeyd edək ki, bir neçə gün öncə Manheim şəhərindəki Marktplatz meydanında başqa bir bıçaqlanma hadisəsi yaşanıb. Hücum zamanı boyun nahiyəsindən bıçaqlanan polis əməkdaşı dünyasını dəyişib. İnsidentdə anti-islam fəalı Maykl Stürzenberger də yaralanıb. Hücum edən Əfqanıstan vətəndaşı olub.