Bu gün Pekində Çin-Qırğızıstan-Özbəkistan dəmir yolu layihəsi ilə əlaqədar imzalanma mərasimi olub.
Teleqraf.com xəbər verir ki, sənədi 3 ölkənin nəqliyyat nazirləri imzalayıb.
Tədbirdə Çinin, Qırğızıstanın və Özbəkistanın dövlət başçılarının imzalanma mərasimi ilə əlaqədar təbrikləri səsləndirilib.
Qeyd edək ki, uzun illər müzakirə olunan layihənin maliyyələşməsi barədə razılıq Şanxay Əməkdaşlıq Təşkilatının 2022-ci ildə Səmərqənd zirvə toplantısında əldə olunub. Xəttin 213 kilometri Çin, 260 kilometri Qırğızıstan, 50 kilometri isə Özbəkistan ərazisində inşa olunacaq. Layihənin dəyəri təxminən 4,5 milyard dollar qiymətləndirilir. Çinin Qaşğar şəhərindəki dəmir yolu terminalını Qırğızıstan ərazisindən keçməklə Əndican şəhərində Özbəkistanın dəmir yolu şəbəkəsi ilə birləşdirəcək dəmir yolu xətti mövcud dəhlizlərlə, o cümlədən Orta Dəhlizlə əlaqələndirildikdən sonra Çin ilə Mərkəzi Asiya, Avropa və Körfəz ölkələri arasında yeni dəhliz yaranacaq.
Bu marşrut üzrə ildə 7-13 milyon ton yük daşınacağı proqnozlaşdırılır.