Florida ştatının Cənub Dairəsinin Federal Məhkəməsi ABŞ-nin keçmiş prezidenti Donald Trampın məxfi sənədləri düzgün saxlamaması ilə bağlı bütün ittihamları rədd etmək qərarına gəlib.
Teleqraf.com xəbər verir ki, məhkəmə katibinə bu işə xitam verilməsi tapşırılıb. İş üzrə təyin edilmiş bütün dinləmələr ləğv edilib.
Qeyd edək ki, 2022-ci ilin avqustunda Trampın Floridadakı Mar-a-Laqo malikanəsində aparılan axtarış zamanı Federal Təhqiqat Bürosunun (FBI) əməkdaşları ümumilikdə 102 sənəd ələ keçiriblər. Onlardan 17-si "tam məxfi" kimi təsnif edilib.
2023-cü ilin iyununda Mayami məhkəməsi eks-prezidenti məxfi sənədlərlə düzgün işləməməkdə ittiham edib. Ağ Evin keçmiş sahibinin özü iddia edib ki, tələskənlik və iş yükü çox olduğundan sənədləri qaytarmağa vaxt tapmayıb.