Hindistan Baş naziri Narendra Modinin bir müddət əvvəl Rusiyaya səfəri Kiyevin narazılığına səbəb olmuşdu. Modi balansı qorumaq naminə avqustda Ukraynaya da səfər etməyi planlaşdırır.
Teleqraf.com xəbər verir ki, bu barədə "Atlas" Araşdırmalar Mərkəzinin təhlilində deyilir.
Məqalədə qeyd olunur ki, Hindistan baş naziri vasitəçilik təklifi ilə Kiyevə gedəcək:
"Çin lideri Si Cinpinin də vasitəçiliklə bağlı təklifi olmuşdu, sadəcə Modidən fərqli olaraq Cinpin Moskvaya səfər etəsə də, Kiyevə getmədi. Buna baxmayaraq, Pekin kimi Dehli də hesab edir ki, vəziyyətin həllinə yalnız diplomatik danışıqlar kömək edə bilər.
Bu arada, Ukraynanın mədəniyyət və informasiya siyasəti nazirinin müavini Anastasiya Bondar ötən həftə Dehlidə Modinin ölkəsinə səfəri ilə bağlı nikbin olduğunu bildirib: “Mən şəxsən qəti şəkildə inanıram ki, Hindistan baş naziri tezliklə Ukraynaya gələcək və bu, ona real vəziyyəti görmək və göstərmək üçün yeganə mümkün yoldur. Ölkələrimiz arasında əməkdaşlığın dərinləşməsinə kömək edə biləcək mədəni dialoq tapa bilsək, çox şad olaram”.
Göründüyü kimi, Modinin Ukraynaya səfəri Kiyev üçün vacibdir. Həmçinin Dehli öz ətrafındakı problemlərin həlli ilə məşğul olmaq məcburiyyətindədir. Məsələn, Myanmadakı vəziyyət Hindistanla Çin arasında yeni gərginlik mənbəyinə çevrilib. Dehli hesab edir ki, Çinin Myanmada qeyri-sabitliyi təşviq etməsi Hindistan üşün təhlükə mənbəyidir.
Myanmada keçirilən BIMSTEC (Banqladeş, Hindistan, Myanma, Şri-Lanka və Tailandın daxil olduğu İqtisadi Əməkdaşlıq Təşkilatı) təşkilatının iclasında əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə olunub. Bu, 2021-ci il hərbi çevrilişdən sonra yüksək səviyyəli Hindistan rəsmilərinin Myanmaya ilk səfərləri idi. Dehliyə görə, Çinin Myanmada qeyri-sabitliyi təşviq etməsi Hindistan üçün təhlükə mənbəyidir. Ona görə də Hindistan hərbi çevrilişə baxmayaraq Myanma ilə dialoqu genişləndirməyə qərar verib".