ABŞ-nin keçmiş prezidenti, Respublikaçılar partiyasından prezidentliyə namizəd Donald Tramp seçicilər arasında dəstək səviyyəsinə görə vitse-prezident Kamala Harrisdən öndədir.
Teleqraf.com xəbər verir ki, "Rasmussen Reports" təşkilatının apardığı sosioloji rəy sorğusunun nəticələri bundan xəbər verib.
Məlumata görə, sorğu iştirakçılarının 49 faizi prezident seçkilərində Donald Trampı, 44 faizi Kamala Harrisi dəstəkləməyə hazır olduğunu bildirib. Respondentlərin 4 faizi isə qarşıdakı seçkilərdə başqa bir namizədə səs verəcəklərini deyib. Sorğu iştirakçılarının 2 faizi isə dəqiq cavab verməyib.
Qeyd edək ki, sorğu 24-25 və 28-31 iyul tarixləri arasında keçirilib. Sorğuda 2 mindən çox potensial seçici iştirak edib.
Qeyd edək ki, ABŞ-də prezident seçkiləri bu il noyabrın 5-də keçiriləcək. Respublikaçılar Partiyası 15-18 iyul tarixlərində keçirilən Milli Qurultayda Donald Trampın namizədliyini irəli sürüb. ABŞ prezidenti Co Bayden seçki yarışından geri çəkildiyini açıqlayıb. O, prezident seçkilərində Demokratlar Partiyasının namizədi olaraq vitse-prezident Kamala Harrisi dəstəklədiyini açıqlayıb.