Rusiyanın üçüncü ildir Ukraynaya qarşı işğalçı müharibəsi Moskvadakı şovinist dairələr və informasiya vasitələrini olan-qalan məntiqlərinin yoxa çıxmasına səbəb olub.
Teleqraf.com xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.
Onun sözlərinə görə, Rusiya televiziya kanallarında Türkiyə, hətta Çinin ünvanına atmacaların sayı artıb:
"Hər iki ölkəni ittiham edirlər ki, Moskva ilə tərəfdaşlıqlarına rəğmən, Ukraynaya silah satırlar. Türkiyənin Ukrayna ilə hərbi-texniki sahədə əməkdaşlığı məlum faktdır, Çinin Kiyevə silah göndərməsi isə nəsə yeni məsələdir. Rusiya kanalları Çini həm də onda ittiham edirlər ki, niyə idxal-ixrac əməliyyatları haqda çox danışılan milli pul vahidləri ilə həyata keçirilmir?
Çin üçün istisadiyyat hər şeyin fövqündədir, Rusiya rublu hər gün dəyər istirirsə, Pekin dollardan necə imtina etsin? Moskvada bu sadə həqitəqi qəbul etmək istəmirlər.
Bu arada, Rusiya Dövlət Duması döyüş bölgəsindəki hərbçiləri telefonlardan istifadə etməyi qadağan edən qanun qəbul edib. Bu qərar rusiyalı hərbçilər arasında narazılığa səbəb olub. Onlar telefon vasitəsilə ailələri ilə əlaqə saxlaya bilirlər. Dövlət Duması qadağa yolu ilə rusiyalı hərbçilərin smartfonlar vasitəsilə tənqidi görüntüləri və çıxışlarının qarşısını almaq istəyir. Ancaq narazılıq telefon olmadan da yayılacaq.
Başqa bir qərarla Ukraynaya qarşı müharibədə iştirak etmək istəməyən miqrantları Rusiyadan deport etməyə başlayıblar. Bunların arasında Rusiyada çalışan azərbaycanlılar da var. Azərbaycanlılar niyə Rusiyanın Ukraynaya qarşı işğalçı müharibəsində həlak olmalıdırlar? Savaşmaq istəməyənlər doğru qərar veriblər.
Moskva polisinin iclasının bir hissəsini internetdə izlədim, bir polis zabiti çıxışında açıq deyir ki, "qaralar"ı paytaxtdan uzaqlaşdırmaq lazımdır. Bunların “qaralar” adlandırdıqları insanlar Rusiyada az maaşa ən çətin işlərdə çalışırlar.
Təsadüfi deyil ki, Rusiyanın televiziya kanallarından birində çıxış edən yerli məmur miqrantların azalması səbəbindən ölkədə elektrik, bənna, fəhlə və təmizlikçilərin ciddi çatışmazlığının yaşandığını bildirib. Ukraynaya qarşı müharibə olmasaydı, bütün bunlar olmazdı".