İyulun 31-nə keçən gecə saat 2 radələrində sui-qəsd nəticəsində öldürülən HƏMAS Siyasi Bürosunun sədri İsmayıl Haniyə ilə bağlı yeni təfərrüatlar meydana çıxıb.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, yayılan iddiaya görə, hadisədən sonra Haniyənin öldürüldüyü Rəsmi Qonaq Evinin eyni mərtəbəsindəki daha 3 otaqda partlayıcı maddə tapılıb.
Ən qəribəsi budur ki, sui-qəsdin icraçılarının hələ də İranda olduğu təxmin edilir.
Hadisə ilə bağlı indiyədək iyirmidən çox adam həbs edilib.
Haniyənin öldürüldüyü binada İran təhlükəsizlik və kəşfiyyat orqanlarının apardığı araşdırmalar zamanı digər otaqlarda əlavə partlayıcı qurğular tapılıb. İranda müharibə veteranları üçün ayrılmış “Veteranlar Evi” adlı iqamətgahın eyni mərtəbəsində zəif təhlükəsizlik tədbirlərinin də sui-qəsdin təşkilində rol oynadağı versiyası səslənir.
Məlumata görə, üç fərqli otaqda olan partlayıcı uzaqdan idarə olunan mənbəyə bağlanıb.
Digər tərəfdən, İsmayıl Haniyənin 70 gün əvvəl İranda sui-qəsddən xilas olduğu bildirilir.
İranın mərhum prezidenti İbrahim Rəisinin dəfni zamanı HƏMAS liderinə qarşı sui-qəsd planlansa da böyük izdiham planın uğurla başa çatdırılmasına mane olub.
Haniyənin otağına partlayıcı yerləşdirərkən bəzi İran təhlükəsizlik agentlərinin hadisədə birbaşa və ya dolayı rol oynadığı da iddialar arasınadır.
Sui-qəsd əməliyyatında İnqilab Keşikçiləri Korpusunun tərkibində olan və İranın yüksək rütbəli məmurlarının təhlükəsizliyinə cavabdehlik daşıyan “Ənsar Əl-Mehdi” adlı bölmədən olan şəxslərin iştirak etdiyi iddiası da var.