Avstraliya Baş naziri Entoni Albanese İran səfirinin sosial mediada İsraillə bağlı şərhini “iyrənclik” adlandırıb.
Teleqraf.com xəbər verir ki, səfir Əhməd Sadeqi X sosial şəbəkəsindəki paylaşımına görə Avstraliya Xarici İşlər Nazirliyinə çağırılıb.
Sadeqi paylaşımında HƏMAS-ın dini lideri Əhməd Yasindən sitat gətirib: “Sionist vəbasının Fələstinin müqəddəs torpaqlarından silinməsi 2027-ci ildən gec olmayaraq baş verəcək”.
İranlı diplomat paylaşımının davamında qeyd edib: “Belə bir səmavi və ilahi vədi səbirsizliklə gözləyirik, inşallah”.
Albanese məsələ ilə əlaqədar jurnalistlərə açıqlamasında deyib: “Açıq şəkildə bildirirəm: İran səfirinin sosial mediadakı şərhlərinə yer yoxdur. Bunlar iyrənc, nifrət dolu və antisemitdir”.
Səfirin Avstraliyadan qovulmalı olub-olmaması barədə suala Avstraliya baş naziri birbaşa cavab verməyib.