ABŞ dövlət katibi Entoni Blinken Yəhya Sinvarın HƏMAS-ın siyasi qanadının yeni lideri olduğunu və atəşkəs razılaşmasını təmin etməyə, Qəzzada müharibəni dayandırmağa və girovları azad etməyə qadir olduğunu bildirib.
Teleqraf.com xəbər verir ki, dövlət katibi HƏMAS-ın yeni lideri ilə Qəzzada İsraillə atəşkəsin əldə edilməsinin mümkün olduğunu deyib.
“Atəşkəs anlaşmasının imzalanmasına gəlincə, Sinvar bu məsələdə əsas qərar verən şəxs olub və olaraq qalır”, - Blinken vurğulayıb.
ABŞ-nin baş diplomatı aylarla davam edən gərgin danışıqlardan sonra sövdələşmənin həyata keçirilməsi ilə bağlı danışıqların davam etdiyini söyləyib. Blinken həmçinin əlavə edib ki, atəşkəsə nail olmaq üçün səylər son mərhələdədir, amma İranla gərginlik bu durumu pozur.
Qeyd edək ki, HƏMAS-ın siyasi qanadının bundan əvvəlki lideri İsmayıl Haniyə iyulun 31-də İranda öldürülüb. Tehran baş verənlərə görə İsraili ittiham edir.