ABŞ hərbi qüvvələri Suriyanın Hasəkə vilayətindən 700 PKK/YPG terrorçusunu İranın dəstəklədiyi qruplaşmaların təmas xətti olan Fərat çayı yaxınlığındakı bazalarına köçürüb.
Teleqraf.com xəbər verir ki, terrorçuların Koniko və Ömər neft yatağındakı bazalarda yerləşdirildiyi bildirilir.
Bazaya terrorçularla yanaşı, “Humvee” tipli zirehli texnikalar da daxil olmaqla, 70 maşından ibarət hərbi konvoy da göndərilib. Eləcə də dünən ABŞ qüvvələri İraqdan şəxsi heyəti 4 helikopterlə Hasəkə vilayətindəki Rumeylan bazasına daşıyıb.
Türkiyənin “Akşam” qəzetinə danışan ekspertlər ABŞ-nin Suriyada yeni planı həyata keçirməyə çalışdığını deyiblər.
Təhlükəsizlik mütəxəssisi Coşkun Başbuğ ABŞ-nin Suriyada neftlə zəngin ərazilərdə yeni strukturlaşma apardığını bildirib:
“Türkiyənin İraqdakı əməliyyatlarına daha dözə bilməyəcəyini anlayan ABŞ Suriyada yeni strukturlaşma aparır. Bu strukturda əsas ağırlıq mərkəzi Suriyanın neft bölgələridir, yerləşdirilmə də buna görədir. Sursat və hərbi materiallar qapalı formada daşınır. Əvvəldən dediyim kimi, İranla İsrail arasındakı gərginlik anlaşmalıdır. Burada əsas hədəf İrandır, yoxsa Türkiyə? Türkiyə olduğuna inanıram.
ABŞ “İsrail təhdid altındadır” deyərək Suriyadakı hərbi varlığını artıra bilər. Amerika məhz bu niyyətlə bölgədəki varlığını artırmağa başlayıb. Bu, həm də Türkiyənin Suriyadakı əməliyyatlarının, eləcə də Ankara və Dəməşq arasında yaxınlaşmanın qarşısını almaq cəhdidir”.
Təhlükəsizlik üzrə ekspert Abdullah Ağar ABŞ-nin bu yerləşdirmədə məqsədinin ilk növbədə regionda tutduqları mövqeləri gücləndirmək olduğunu vurğulayıb:
“Bir neçə gündür Suriyada gərginlik yaşanır. ABŞ-nin bölgədəki varlığına və maraqlarına hücum potensialı son dərəcə yüksəkdir. Yalnız hücum deyil, həm də sızma ehtimalı var. Çünki orada ABŞ-nin son dərəcə kritik obyektləri var. Tayfaların (ərəb) ABŞ-nin maraqlarına zidd olaraq PKK-ya hücumu, xüsusən də bəzi kritik yerlərdə obyektləri ələ keçirsələr, yerdə xaosa səbəb olacaq. Bunu görən ABŞ regionda genişlənmək istəyir. Bunu İran və İsrail arasındakı gərginlikdən təsirlənən bölgələrlə bağlı hazırlanmış yeni tədbirlər kimi xarakterizə etmək olar”.