Yəhya Sinvarın HƏMAS Hərəkatına rəhbər seçilməsi fələstinlilərin İsraili gələcəyindən məhrum edən yolu seçməsi deməkdir.
Teleqraf.com xəbər verir ki, bu, İran ordusunun baş komandanı, general-leytenant Əbdülrəhim Musəvinin səsləndirdiyi fikirdir.
“Yəhya Sinvarın dünənki təyinatı fələstinlilər və HƏMAS-ın hansı yolu seçdiyini göstərdi. Bu seçim o deməkdir ki, sionist rejimin gələcəyə heç bir ümidi olmamalıdır”, - general bildirib.
Musəvi Sinvarı “Fələstinin azadlığı uğrunda ən böyük döyüşçülərdən biri” adlandırıb.
İsraili hədələyən general qeyd edib ki, Tehranda HƏMAS-ın mərhum lideri İsmayıl Haniyənin qətli də daxil olmaqla bütün cinayətlər cavabsız qalmayacaq: “Qəti və sərt cavab alacaqlar”.
Avqustun 6-da Fələstin hərəkatı Haniyənin yerinə Sinvarın seçildiyini elan edib. O, hərəkatın hərbi qanadı “İzzəddin əl-Qəssam” Briqadası və İsraillə əməkdaşlıq edən fələstinlilərə qarşı cəza tədbirlərinin həyata keçirilməsində ixtisaslaşan HƏMAS-ın daxili təhlükəsizlik təşkilatının yaradıcılarından biri hesab olunur.