Tehranın İsraillə gərgin qarşıdurması fonunda Rusiya İrana radarlar və hava hücumundan müdafiə vasitələri tədarük etməyə başlayıb.
Teleqraf.com xəbər verir ki, bu barədə “Forbes” yazır.
Nəşr qeyd edir ki, İran Rusiyadan S-400 uzaqmənzilli strateji zenit-raket kompleksi almaqda maraqlıdır. 2016-cı ildə Tehran Moskvadan S-300 sistemləri alıb, həmçinin arsenalında qısa və ortamənzilli “Buk” və “Tor” sistemləri var.
İki İran rəsmisinin dediyinə görə, Tehran həmçinin Rusiyadan 2021-ci ildə sifariş etdiyi Su-35 qırıcılarını təhvil almağa çalışır.
“Rusiyanın qabaqcıl hərbi texnikalarının İrana tədarükü indi Moskva üçün riskli ola bilər. İran HƏMAS-ın siyasi lideri İsmayıl Haniyənin iyulun 31-də Tehranda öldürülməsindən sonra İsrailə hücum edəcəyinə söz verib. İranın istənilən hücumu müvafiq tədbirlərə təkan verəcək”, - materialda deyilir.
Nəşrin fikrincə, İsraillə qarşıdurmanın ortasında İrana müasir silahların tədarükü ciddi eskalasiya halında Rusiya üçün də eyni dərəcədə mənfi nəticələrə gətirib çıxara bilər: “Yəqin ki, Putin bu nəticəni istəmir, buna görə də tədarükün qarşısını ala bilər. O, artıq Tehranı İsrailin mülki əhalisinə hücum etməkdən çəkinməyə çağırıb, çünki bunun eskalasiya, hətta genişmiqyaslı müharibə ehtimalını artıracağını anlayır”.
“Forbes” bildirir ki, hazırda Rusiyanın İrana nələri tədarük etdiyi bəlli deyil:
“Amma tədarük İrana qısa müddət ərzində müdafiəsini əhəmiyyətli dərəcədə gücləndirməyə imkan verəcək. Məsələn, S-400 və ya Su-35 eskadrilyası ilə. Bununla belə, Rusiya gələcək və ya mövcud İran sistemləri üçün qabaqcıl komponentlər tədarük etsə belə, İsrail hələ də anbarda olarkən bunları məhv etməyə qərar verə bilər. Həmçinin İsrailin Moskvanın Tehranı qabaqcıl silahlarla təchiz etməsinə qəti şəkildə qarşı olduğunu nümayiş etdirməsi də mümkündür”.