Kursk vilayətində Rusiya Silahlı Qüvvələrinin iki batalyonu mühasirəyə alınıb.
Teleqraf.com xəbər verir ki, bu barədə ukraynalı jurnalist Andrey Tsaplienko məlumat yayıb.
“Suca şəhərində Rusiya Silahlı Qüvvələrinin iki batalyonu mühasirəyə alınıb. Bunlar 488-ci alayın 17-ci və 102-ci briqadanın 31-ci batalyonlarıdır”, - jurnalist bildirib.
Xatırladırıq ki, avqustun 6-da Ukraynanın Rusiya ərazisinə daxil olduğu ilk gündən internetdə əsir düşən rus əsgərlərinin dindirilməsi videosu yayılır.
Dünən axşam saatlarında sosial şəbəkədə 40-dan çox rus hərbçisinin əsir götürülməsinə dair foto paylaşılıb. Hadisə Suca keçid məntəqəsinin yaxınlığında baş verib. Bu gün ukraynalı hərbçilər bu əməliyyatın geniş videosunu dərc ediblər.
Kursk vilayətində baş verən hadisələrlə bağlı rəsmi məlumat demək olar ki, yoxdur. Dünən Rusiya Baş Qərargahı irəliləyişin qarşısını aldığını iddia etsə də, Teleqram kanalları Ukrayna ordusunun Suca şəhəri və bir neçə kəndi ələ keçirdiyinə dair silsilə məlumatlar yayır.