ABŞ-ın keçmiş prezidenti və Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Tramp rəqibi Kamal Harrislə cari seçki kampaniyası çərçivəsində üç raundluq debatın keçirilməsinin tərəfdarı olduğunu deyib.
Teleqraf.com xarici mətbuata istinadən xəbər verir ki, Tramp sentyabrın 4, 10 və 25-də debatlar keçirməyi təklif edib.
“Debat çox vacibdir. Sentyabrın 4-də "Fox News" ilə razılaşdıq. Sentyabrın 10-da NBC ilə razılaşdıq. Sentyabrın 25-də ABC ilə razılaşdıq”, - deyə Tramp izah edib.
O əlavə edib ki, hazırda debatların təşkili üçün yalnız televiziya kanallarının rəhbərlərinin razılığı var, qalan hər şey hələ razılaşdırılmayıb. Tramp Harrisin onun təklifinə hələ cavab vermədiyini qeyd edib.
“Razı olacaqlarını bilmirəm, o, hələ bir dəfə də olsun müsahibə verməyib. O, müsahibə verə bilmir. O, sadəcə olaraq bacarıqsızdır”, - ABŞ-ın keçmiş prezidenti vurğulayıb.