Rusiya hərbi komandanlığının Ukrayna ordusunun Kursk vilayətində keçirdiyi əməliyyata cavab olaraq bir sıra mümkün hərəkət variantları var.
Teleqraf.com xəbər verir ki, bu barədə ABŞ-nin Müharibə Araşdırmaları İnstitutunun (ISW) təhlilində deyilir.
Birinci variantda Rusiya hərbi komandanlığı mövcud çağırışçılar, sərhədçilər, Rusiya Qvardiyası və sərhəd bölgəsində artıq yerləşdirilmiş digər qüvvələrdən istifadə edə bilər.
“Rusiya hərbi komandanlığı daha aşağı təchizatlı və daha az keyfiyyətli qüvvələrin innovativ taktika və texnoloji imkanlardan uğurla istifadə etdiyi bildirilən Ukrayna qüvvələrini dayandıra biləcəyinə qərar verməsi durumunda bu seçimi edəcək”, - təhlildə vurğulanır.
İkinci seçimə görə, Rusiya hərbi komandanlığı Kursk, Bryansk və Belqorod vilayətlərinin sərhədyanı rayonlarında yerləşdirilən Şimal Qrupundan istifadəyə qərar verəcək. Eyni zamanda, amerikalı analitiklərə görə, Şimal Qrupunun effektiv müdafiə əməliyyatları və ciddi əks-hücum həyata keçirmə qabiliyyəti qeyri-müəyyəndir və onun Kurskda Ukrayna qüvvələrini geri çəkmək üçün yenidən yerləşdirilməsi sərhədin digər ərazilərində Rusiyanın müdafiəsində zəifliklər yaradacaq.
Rusiya hərbi komandanlığı Şimal Qrupunun Xarkov vilayətinin şimalındakı hücum əməliyyatlarını Kurskdakı müdafiə əməliyyatlarından daha aşağı prioritet hesab edərsə, bu variantı tətbiq etməyə cəhd edə bilər.
Üçüncü varianta görə, Rusiya hərbi komandanlığı bu yay üçün planlaşdırılmış hücum üçün formalaşdırılmış ehtiyatın cəbhənin digər yerlərindən köçürülməsi barədə qərar qəbul edə bilər. Komandanlığın cəbhənin prioritet istiqamətləri üçün nəzərdə tutulmuş mövcud ehtiyatlarını saxlamaq, xüsusən də Donetskdə hücumun daha yüksək tempini dəstəkləmək, əvəzində isə daha az prioritet olan ərazilərdən bölmələrini Kurska göndərmək barədə qərar qəbul etməsi mümkündür.
Dördüncü varianta görə, Rusiya komandanlığı hazırda Kurskda yerləşdirdiyi qüvvələri saxlamağa cəhd edə bilər, eyni zamanda həmin ərazidə ciddi aviasiya və zərbə bölmələrini yenidən yerləşdirməsi mümkündür. Bununla belə, Kurskda yerləşdirilən hazırkı Rusiya qüvvələrinin aviasiyadan effektli istifadə edib-etməyəcəyi məlum deyil. Kurskda genişmiqyaslı hava əməliyyatlarının Rusiyanın Ukraynada taktiki təyyarələrdən müntəzəm istifadə etmək planını pozub-pozmayacağı da naməlumdur.