Abxaziyadakı separatçı rejim Oçamçirada Rusiya hərbi dəniz bazasının tikintisi planlarından imtina edildiyini açıqlayıb.
Teleqraf.com xəbər verir ki, bu barədə separatçı rejimin “xarici işlər naziri” Sergey Şamba bildirib.
Onun sözlərinə görə, artıq orada Rusiyanın sərhəd qayıqları yerləşdirilib.
“Oçamçirada Rusiya hərbi-dəniz bazası planlaşdırılmır, orada sərhəd gözətçi qayıqlarının yerləşdiyi sərhəd məntəqəsi var”, - Şamba deyib.
2009-cu ildən Kreml işğal olunmuş Gürcüstan bölgəsinin faktiki rəhbərliyi ilə sərhəd mühafizəsi üzrə əməkdaşlıq müqavilələri imzaladıqdan sonra Oçamçira limanı birbaşa Rusiyanın nəzarəti altındadır. O vaxtdan Oçamçirada Rusiya Sərhəd Xidmətinin patrul gəmilərinin briqadası fəaliyyət göstərir.
2023-cü ilin payızında Abxaziya separatçılarının lideri Aslan Bjaniya Oçamçirada daimi dəniz bazası haqqında Kremllə müqavilə imzaladığını açıqlamışdı. Bu ilin yanvarında körfəzdə daimi Rusiya hərbi-dəniz bazasının açılacağı bəyan edilmişdi. Rusiyanın 2022-ci ilin fevralında Ukraynaya genişmiqyaslı müdaxiləsindən sonra limanda dərinləşdirmə və tikinti işləri aparılırdı.
Son aylarda Gürcüstanla Rusiyanın işğal altındakı Abxaziya və Cənubi Osetiyanın qaytarılması ilə bağlı gizli müzakirələrin getdiyinə dair iddialar gündəmdədir. İddia soyuyan Qərb-Gürcüstan əlaqələri fonunda gündəmə gətirilib. Gürcüstanı Rusiyaya yaxınlaşmaqda ittiham edən Avropa Birliyi bu ölkənin birliyə üzvlüyü prosesini dayandırıb, ABŞ isə hərbi əlaqələri dondurub. Gərginliyə Gürcüstan hökumətinin qəbul etdiyi “Xarici təsirin şəffaflığı haqqında” qanun səbəb olub.