10 Avqust 16:10
1 075
12 Punto 14 Punto 16 Punto 18 Punto

Zəngəzura canlı qüvvə və hərbi texnika göndərməsi ABŞ-nin geosiyasi maraqlarından irəli gəlir. ABŞ geosiyasi maraqlarının təmini üçün regionda ən zəif bənd olan Ermənistanı seçib. Bütün sistemlərdə belədir. Bütöv sistemə sirayət edib, istəniləni əldə etmək üçün, adətən, sistemin zəif bəndi tapılır, ona təsir olunur və təlatüm yaratmaqla nəticəyə çatılır. İndi də biz eyni şeyi müşahidə edirik.

Bunu Teleqraf.com-a açıqlamasında politoloq Natiq Miri deyib.

Onun sözlərinə görə, hazırda Gürcüstanla bağlı müəyyən problemlər var: "Gürcüstan ABŞ-nin, bütövlükdə Qərbin maraqlarına uyğun olmayan qanun qəbul edib. Onun əsas ana müəllifi Rusiyadır, qanun öncə Rusiyada qəbul olunmuşdu.

Qərbin bütün təzyiqlərinə rəğmən Gürcüstan yenə də qanunun qəbulundan geri çəkilmədi və artıq onun icrasına başlanıb. Bu o deməkdir ki, hələlik ABŞ Gürcüstan üzərindən istədiklərinə nail ola bilmir.

Digər əsas həlledici ölkə Azərbaycandır. Azərbaycan daha çox müstəqil siyasət yürütmək əzmindədir və bunu Qərb də bilməmiş deyil. Ona görə ən zəif bənd müharibədə məğlub olmuş Ermənistan seçilib.

İndiki mərhələdə məqsəd İrəvanı ən azından xarici təsirlərə qarşı dayanıqlı etməkdən ibarətdir. Bunun üçün darmadağın olunmuş erməni ordusunun yenidən bərpası, orduda sistemli islahatların aparılması, müasir silahlarla təmin olunması kimi hədəflər var ki, bu məsələlər, düşünürəm ki, aprelin 5-də Brüsseldə üçtərəfli görüşdə, yəni ABŞ, Avropa Birliyi, Ermənistan görüşündə həllini tapıb. Bu gün baş verənlər əslində qəbul olunmuş qərarların tədricən təzahürüdür. Ona görə də ABŞ hərəkətə keçib".

Natiq Miri hesab edir ki, himayədarları hətta Ermənistanı hansısa mərhələdə Azərbaycan əleyhinə əməliyyata da təhrik edə bilərlər: "Ermənistanı qane etməyən bəzi məqamlar var, Azərbaycan ordusunun Ermənistanla sərhəddə ən yüksək strateji yüksəklikləri öz nəzarətində saxlaması onu narahat edir.

Əgər proses bu şəkildə davam edərsə, Bakı bunu ciddi təhlükə kimi görərsə, ABŞ-Azərbaycan münasibətlərində yeni gərginlik yarana bilər. Bu, təkcə Azərbaycanın yox, regiondakı digər ölkələri - Türkiyə, İran və Rusiyanı da ciddi narahat etməyə başlayacaq.

Yəni İrəvan bu cür yanlış siyasət apararsa, Ermənistan əleyhinə regionda ciddi konfiqurasiya yarana bilər. Ondan sonra okeanın o tayından ABŞ Ermənistanı xilas edə biləcəkmi? Hesab edirəm ki, Ermənistan qərar verməmişdən öncə ən azından iki dəfə düşünməlidir”.


Müəllif: Əsəd Məmmədəliyev

Oxşar xəbərlər