Ermənistanın açıq şəkildə Qərbə meyllənməsi, ölkə ərazisini faktiki olaraq geopolitik toqquşmaların plasdarmına çevirməsi, Amerika və fransız hərbçilərlə təlimlər keçirməsi, Qərbdən edilən hərbi yardım və silah-sursatla silahlandırılması, o cümlədən Amerika hərbçilərinin Zəngəzur və digər ərazilərdə yerləşməsi Rusiyanın maraqları üçün ciddi təhdiddir. Rusiya bunları görür. Sadəcə, hazırda Rusiya-Ukrayna savaşından dolayı Moskvanın Ermənistanda aktiv fəaliyyət göstərmək imkanları aşağıdır.
Bunu Teleqraf.com-a açıqlamasında politoloq Oqtay Qasımov deyib.
Onun sözlərinə görə, Rusiya özünün siyasətində müəyyən korrektələr edib:
“Əvvəllər bu tipli məsələlərə sərt, dərhal və qaba gücü ilə cavab verirdi. İndiki prosesdə Rusiya baş verənlərə təmkinli yanaşır və mesajları daha çox erməni cəmiyyətinə və erməni xalqına ünvanlayır. Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarovanın və digər Rusiya rəsmilərinin yumşaq bəyanatları bununla əlaqələndirirəm.
Bütün bunlara baxmayaraq, Rusiyanın əlində Ermənistana qarşı hələ də təsir imkanları qalmaqdadır. Xüsusilə iqtisadi sferada. Bundan başqa, enerji sektoru və digər mədənçilik sənayesi də Rusiyadan çox asılıdır. Rusiyanın Ermənistanda hərbi bazası və sərhəd qoşunlarının olduğunu da unutmamalıyıq”.
Oqtay Qasımov Rusiya-Ukrayna müharibəsinə də münasibət bildirib:
"Üç gündən artıqdır ki, Ukrayna ordusu Rusiyanın Kursk vilayətində müəyyən əraziləri nəzarətə götürüb. Rusiyadan Avropaya göndərilən əsas qaz paylayıcı Suca stansiyası ukraynalıların nəzarətindədir. Bu, ciddi hadisədir.
Ukrayna savaşı Rusiya ərazisinə keçirməklə strateji addım atdı. Kiyevin bu addımı Rusiyanın hərbi qüvvələrini müəyyən qədər parçalamaq, diqqəti yayındırmaq və rusların nəzarəti altında olan ərazilərdə möhkəmlənməklə gələcəkdə danışıqlar masasında Kremli daha konstruktiv mövqeyə məcbur etmək niyyəti daşıyır.
Ukraynalılar doğrudan da Kursk vilayətinin qeyd olunan ərazilərində nəzarəti qoruyub saxlaya bilsələr, bu, gələcək danışıqlarda Rusiyanın işğal etdiyi bəzi ərazilərdən imtinasına gətirib çıxara bilər.
İlk üç gündə ələ keçirilən ərazilər vaxt baxımından hesabladıqda kifayət qədər böyükdür. Bu ərazilərin miqyasının genişlənməsi imkanı var. Hazırda Ukraynanın məhz bu ərazidə döyüşən qüvvələri xüsusi təyinatlı dəstədir. Onlar uzun müddət döyüşə hazırlaşıblar. Eyni zamanda innovativ texnologiyadan da istifadə edirlər”.