Pakistanın cənub-qərbindəki Qvadar liman şəhərində etirazlar baş verib. Çin bu vəziyyətdən narahatdır. Çünki həmin limanı Çin işlədəcək.
Teleqraf.com xəbər verir ki, bu barədə "Atlas" Araşdırmalar Mərkəzinin təhlilində deyilir.
Məqalədə qeyd olunur ki, Qvadar limanı Pakistan-Çin iqtisadi dəhlizinin əsas mərkəzi sayılır:
"Layihənin dəyəri təxminən 50 milyard dollardır. Limanı inşa edən Çinin layihəyə böyük ümidləri var. Qvadar limanı Çinin “Bir Kəmər, Bir Yol” təşəbbüsünün tərkib hissəsidir.
Dəniz limanı ətrafında yaşayan bəluclar layihədən əldə ediləcək gəlirdən pay istəyirlər. Pakistan təhlükəsizlik qüvvələri liman ətrafını nəzarətə götürüb. Buna baxmayaraq, etirazçıların bir hissəsi limana çata biliblər. Onların bir qismi həbs olunub.
Bəlucistanda zaman-zaman müxtəlif gərginliklər yaşanır. Pakistanla yanaşı, İran da radikal bəluclarla mübarizə aparır. Bu ilin yanvarında SEPAH Pakistanın Bəlucistan əyalətinin Kühi-Səbz ərazisinə raket zərbələri endirmişdi. Tehran iddia etmişdi ki, əsas məqsədi bölgədəki “terror qruplaşmaları” olub. Buna cavab olaraq, Pakistan da İran ərazisindəki terrorçu qruplaşmalara zərbə endirdi. Bu, iki ölkə arasında gərginliyin artmasına səbəb olmadı. Ancaq bəluclar istənilən zaman yenə hər iki tərəfə problem yarada bilərlər.
Çinin həm Pakistan, həm də İranla sıx əlaqələri var. Çin Pakistana böyük yatırımlar qoyub, İranla bağlı da yüz milyardlarla dollarlıq sazişləri mövcuddur. Ona görə də İran-Pakistan sərhədindəki bəlucların fəallığı Çinin narahatlığına səbəb olur. “Bir Kəmər, Bir Yol” dəhlizinin keçdiyi ərazilərdə qeyri-sabitlik layihəyə problem yarada bilər".