12 Avqust 22:36
1 527
12 Punto 14 Punto 16 Punto 18 Punto

Belarus Rusiyaya görə Ukrayna ilə müharibəyə girmək istəmir.

Teleqraf.com xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.

Ekspert Rusiya-Ukrayna cəbhəsindəki son gəlişmələrə diqqət çəkib:

“Belarus Prezidenti Aleksandr Lukaşenko Britaniyanın konsepsiyasına uyğun olaraq “ölkəmin əbədi dostu yoxdur, əbədi maraqları var” strategiyasından çıxış edir. Lukaşenko Kremlin müttəfiqi sayılsa da, daxilən Rusiyanın Ukraynaya qarşı işğaçlı müharibəsinin əleyhinədir. Çünki belaruslar və Belarus generalları “Kreml istəyir” deyə qardaş Ukrayna ilə savaşmaq istəmirlər. Lukaşenko məhz bu əhval-ruhiyyənin daşıyıcısıdır. Təsadüfi deyil ki, Lukaşenko iyulda qərar verərək qoşunları Ukrayna ilə sərhəddən geri çəkdi. Belarus lideri bunu Ukraynadan təhlükənin olmamasıyla izah etdi. Əslində, belə bir təhlükə heç vaxt olmayıb, sadəcə Lukaşenko qoşunları sərhəddə yerləşdirməklə Kremlin əmrini yerinə yetirmişdi.

Lukaşenkonun qoşunları geri çəkmək əmri Ukraynaya imkan verdi ki, sərhəddəki qoşun birliklərini Rusiya ilə döyüş meydanına yönəltsin. Lukaşenkonun məlum qərarı Kremlin narazılığına səbəb oldu. Ukraynanın Rusiya ərazisinə qəfil hücumu Kremlin Lukaşenkoya təzyiqinin artmasına səbəb oldu. Kreml Lukaşenkondan tələb etdi ki, qoşunlarını yenidən Ukrayna ilə sərhəddə toplasın ki, bu, Kiyev üçün əlavə gərginlik mənbəyinə çevrilsin. Lukaşenko yeni əmrə tabe oldu.

Bütün hallarda, Lukaşenko Rusiyaya görə Ukrayna ilə savaşmaq fikrində deyil. Ancaq başqa hadisə baş verə bilər. Rusiya ordusu Belarus üzərindən Ukraynaya qarşı ikinci cəbhə aça bilər. Əgər Lukaşenko Kremlin bu əmrinə tabe olsa, Ukrayna Rusiya ilə yanaşı, Belarusla da savaşmalı olacaq, ukraynalılarla belaruslar bir-birlərini öldürəcəklər. Lukaşenkonun soyuqqanlığını qoruyacağına ümid var. Çünki o anlayır ki, Putin slavyan xalqlarını üz-üzə qoyub və gələcək nəsillər bunu ona nə bağışlayacaq, nə də unudacaqlar”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər