Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili kənardan verilən göstərişlər nəticəsində 2008-ci ilin avqustunda avantürist addımlar atdı, bu da müharibə ilə nəticələndi.
Teleqraf.com xəbər verir ki, bu barədə hakim “Gürcü Arzusu” Partiyasının Siyasi Şurasının bəyanatında deyilir.
“Gürcüstan cəmiyyətinin əksəriyyəti Saakaşvilinin adekvatlığına haqlı olaraq şübhə edir. Ancaq fakt budur ki, 2008-ci ilin avqustunda Saakaşvilinin avantürist hərəkətləri onun psixi qeyri-sabitliyinin nəticəsi deyil, kənardan gələn göstərişlər və yaxşı planlaşdırılan xəyanətin nəticəsi idi”, - şura qeyd edir.
Gürcüstanın hakim partiyasına görə, ölkədə uzunmüddətli sülh və sabitliyin bərqərar olması üçün ictimai hüquqi prosesin təşkili həyati əhəmiyyət kəsb edir ki, cəmiyyət ölkə və xalqa qarşı xəyanətkar cinayəti kimin törətdiyini birdəfəlik bilsin.
Gürcüstan Baş naziri İrakli Kobaxidze bundan əvvəl açıqlamışdı ki, hakimiyyət orqanları 2008-ci il müharibəsinin hallarını aydınlaşdırmaq üçün Baş Prokurorluq və Konstitusiya Məhkəməsinə müraciət edəcək və parlament komissiyası yaradacaq.
2008-ci ilin avqustunda Gürcüstan qoşunlarının Tsxinvalini (Cənubi Osetiya) azad etməyə cəhd etməsindən sonra bölgədə separatçılarla toqquşma baş verib. Moskva avqustun 8-də Rusiya vətəndaşları və regiondakı sülhməramlılarını qorumaq adı altında bölgəyə ordu yeridib, bundan sonra Gürcüstan qüvvələri geri çəkilib. Rusiya avqustun 26-da Cənubi Osetiya və Abxaziyadakı separatçı rejimlərin müstəqilliklərini tanıyıb.