ABŞ Müdafiə Nazirliyi (Pentaqon) Yaxın Şərqdə vəziyyətin çox ciddi və Amerikanın İranın mümkün hücumuna hazır olduğunu, lazım gələrsə, İsraili qorumaq üçün bütün silahlardan istifadə ediləcəyini açıqlayıb.
Teleqraf.com xəbər verir ki, bu barədə Pentaqonun sözçüsü Patrik Rayder bildirib.
“Hazırda Yaxın Şərqdə vəziyyət çox ciddidir”, - ABŞ rəsmisi deyib.
Rayderin sözlərinə görə, bu səbəbdən müdafiə naziri Lloyd Ostin bölgəyə əlavə müdafiə silahları və sursat göndərilməsini əmr edib.
Bu həftə İranın İsrailə cavab verməsinin mümkün olub-olmaması ilə bağlı suala Rayder belə cavab verib: “Tamamilə mümkündür”.
Pentaqon sözçüsü ABŞ-nin İranın hücumuna hazır olduğunu açıqlayıb:
“Mümkün hücumu ciddi qəbul etməliyik və bunu etdiyimizi söyləməkdən başqa, onların nə vaxt hücuma keçəcəklərini proqnozlaşdırmağa və ya spekulyasiya etməyə çalışmayacam. Bu səbəbdən hazır olacağıq və hazırıq”.
Rayder ABŞ-nin gərginliyi aşağı salmaq, qüvvələrini qorumaq və İsrailin müdafiəsini dəstəkləmək istədiyini də bildirib.
Rəsmi bəyan edib ki, regionda heç kim gərginliyin artmasını və mövcud vəziyyətin regional münaqişəyə çevrilməsini istəmir:
“Ümid edirik ki, bu imkanlardan istifadə etməli olduğumuz bir vəziyyətlə üzləşməyəcəyik. Diplomatiyanın işləməsi üçün həmişə vaxt var. Amma İsrailin müdafiəsində bundan (hərbi gücdən – red.) istifadə etmək lazımdırsa, edəcəyik.
Burada etməyə çalışdığımız şey genişmiqyaslı, İranın qisas və potensial böyük gücdən istifadə ilə hədələdiyi çox gərgin olan Yaxın Şərqdə regional müharibənin qarşısını almaqdır, biz öz sözümüzü çox açıq şəkildə ifadə etmişik. Bu, lazım gələrsə, İsrailin müdafiəsinə kömək etmək öhdəliyi ilə bağlıdır”.
ABŞ İranın İsrailə mümkün hücumuna cavab olaraq Yaxın Şərqə əlavə təyyarədaşıyan gəmiləri, hücum qrupları və canlı qüvvə göndərib.