14 Avqust 21:58
399
12 Punto 14 Punto 16 Punto 18 Punto

Son iki onillikdə Türkiyənin ÜDM artımı dollar ifadəsində 370 faizə, real ifadədə isə 201 faizə çatıb. Adambaşına düşən gəlir 2002-ci ildəki 3608 dollardan 2023-cü ilin sonuna qədər 13110 dollara yüksəlib.

Teleqraf.com xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada hakim Ədalət və İnkişaf Partiyasının (AKP) yaradılmasının 23 illiyinə həsr olunmuş tədbirdə bildirib.

Türkiyə liderinin sözlərinə görə, son iyirmi ildə Türkiyə iqtisadiyyatı illik orta hesabla 5,4 faiz artıb. Təkcə son 23 ildə Türkiyə iqtisadiyyatına yatırılan xarici investisiyaların həcmi 266 milyard dollar təşkil edib. Mərkəzi Bankın ehtiyatlarının həcmi 27 milyard dollardan 150 milyard dollara yüksəlib.

Ərdoğan Türkiyənin Beynəlxalq Valyuta Fonduna olan borcunun (23,5 milyard dollar - red.) tamamilə bağlanmasına diqqət çəkib və bu, ölkənin real iqtisadi müstəqilliyini təmin edib.

Ölkənin müdafiə kompleksinin son dövrdə əldə etdiyi uğurlara toxunan siyasətçi bildirib ki, Türkiyə öz tüfəng belə istehsal edə bilməyən bir ölkədən tank, hərbi gəmi, artilleriya, raket, təyyarə, helikopter və digərlərinin seriya istehsalçısına çevrilib. “Hərbi sənaye kompleksinin inkişafı terrorla mübarizənin effektivliyini artırıb və Türkiyənin müdafiə qüdrətini gücləndirib”, - deyə o vurğulayıb.

Türkiyə lideri daha sonra qeyd edib ki, dövlət və cəmiyyət həyatının digər sahələrində, o cümlədən təhsildə də uğurlu islahatlar həyata keçirilib. Belə ki, 2001-ci ildə Türkiyədə universitetlərin sayı 76 idisə, bu gün bu rəqəm 208 təşkil edir.

“Eyni dövrdə ölkəmizin ali təhsil müəssisələrində müəllimlərin sayı 70 mindən 183 minə qədər artıb. Gənclər mərkəzlərinin sayı 9-dan 508-ə, idman obyektlərinin sayı 1575-dən 4421-ə, yataqxanalarda yerlərin sayı 182 mindən 962 minə qədər artıb. Bütün bunlar gənclərə dəstəyin göstəricisidir”, - deyə Prezident bildirib.

Dövlət başçısı rəhbərlik etdiyi partiyanı xalqın “ümid mənbəyi” adlandırıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər