İtaliyada batan super-yaxta 59 yaşlı britaniyalı milyarder Mayk Linçə məxsus olub.
Teleqraf.com xəbər verir ki, milyarderin özü də batan yatada olub.
Mayk Linçin həyat yoldaşı Ancela Bakares xilas edilib. Böyük Britaniya bayrağı altında üzən “Bayesian” adlı lüks yaxta əlverişsiz hava səbəbindən dənizin 49 metr dərinliyinə batıb. Göyərtəsində 22 nəfərin olduğu yaxtanın batmasından sonra 15 nəfər xilas edilib, bir nəfər ölüb, altı nəfər isə itkin düşüb.
Mayk Linç 1996-cı ildə “Autonomy” proqram təminatı şirkətinin həmtəsisçilərindən olub. Sürətlə böyüyərək Böyük Britaniyanın aparıcı texnologiya firmalarından birinə çevrilən şirkət 2011-ci ildə informasiya texnologiyaları nəhəngi “Hewlett-Packard”a (ABŞ) 11 milyard dollara satılıb. Mayk Linç bu satışdan 647 milyon dollar mənfəət əldə edib.
Ancaq bir il sonra “Hewlett-Packard” şirkəti, Mayk Linçin “Autonomy” şirkətinin dəyərini şişirtdiyini deyib. Bununla da ABŞ prokurorları və Mayk Linç arasında illərlə davam edən məhkəmə çəkişmələri başlayıb. Mayk Linç 2022-ci ildə mühakimə olunmaq üçün ABŞ-a ekstradisiya edilib. Proses bu ilin iyun ayında Linçin bəraət alması ilə yekunlaşıb.