ABŞ dərhal Tayvanla bütün rəsmi əlaqələri dayandırmalıdır və bu məsələ Çin-ABŞ münasibətlərində ilk “qırmızı xətt”dir.
Teleqraf.com xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Çinin Vaşinqtondakı səfirliyinin mətbuat katibi Lyu Penyu müsahibəsi zamanı deyib.
Diplomat vurğulayıb ki, Çin ABŞ və Tayvan arasında hər hansı formada rəsmi fəaliyyətin qəti əleyhinədir:
“Biz ABŞ-ı “Vahid Çin” prinsipinə, üç Çin-ABŞ kommunikesinə, ABŞ liderlərinin “Tayvanın müstəqilliyini dəstəkləməmək” vədlərinə əməl etməyə, Tayvanla hər hansı formada rəsmi əlaqəni dərhal dayandırmağa və bu yanlış yola daha da getməməyə çağırırıq”.
Onun sözlərinə görə, beynəlxalq ictimaiyyət Çinin dünya sülhünə, inkişafına və beynəlxalq nizama verdiyi töhfəni çoxdan qəbul edib:
“ABŞ tərəfi Çin haqqında yanlış təsəvvürü düzəltməli, Soyuq müharibə və antaqonizm ideyasından əl çəkməli, qlobal sülh, sabitlik və inkişaf naminə daha konkret tədbirlər görməlidir”.