Belarus Prezidenti Aleksandr Lukaşenko öz hakimiyyətini itirmək ehtimalı fonunda Ukraynaya qarşı müharibəyə girməyəcək. Amma rusiyalı həmkarı Vladimir Putinlə razılaşaraq, Ukrayna ordusunun diqqətini yayındıra bilər.
Teleqraf.com xəbər verir ki, bu barədə ABŞ-ın Müharibə Araşdırmaları İnstitutunun (ISW) təhlilində deyilir.
Amerikalı analitiklərin fikrincə, Belarus qoşunlarının Ukrayna sərhədi boyunca toplanması Ukrayna qüvvələrinin diqqətini yayındırmaq və daha geniş cəbhə xətti boyunca yaymaq məqsədi daşıyır. ABŞ institutunun hesablamasına görə, Belarus qoşunlarının Ukrayna ərazisinə girmələrinin əlamətləri görünmür.
“Belarusun Ukraynaya müdaxiləsi, hətta müharibədə iştirakı Lukaşenkonun öz iqtidarını müdafiə etmək qabiliyyətinə xələl gətirəcək, ona görə də Ukrayna ilə müharibə riskinə girməyəcək. Belə bir addım onun rejimini zəiflədə və ya Belarusda daxili narazılığı kəskin şəkildə artıra bilər”, - məqalədə qeyd olunur.
Təhlilçilər deyirlər ki, Belarusda prezident seçkiləri 2025-ci ilin fevralında keçiriləcək, Lukaşenko seçkilərlə bağlı potensial etirazları yatırmaq üçün ictimai əhval-ruhiyyə üzərində nəzarəti saxlamaq və orduya təsir göstərmək istəyir.
Ukrayna bu yaxınlarda sərhədyanı Qomel vilayətində yerləşdirilmiş Belarus qüvvələrini geri çəkməsi barədə Minskə xəbərdarlıq edib.