Prezident Vladimir Putin Ukrayna ordusunu Rusiya ərazisindən çıxara bilmir. Rusiya bunun əvəzinə Ukraynanın şərqində işğalı genişləndirib, həm də bu ölkənin şəhər və qəsəbələrini intensiv raket atəşinə tutur. Həmçinin Putin Kiyevlə danışıqlara da hazır olduğunu bildirib. Onun ukraynalı həmkarı Vladimir Zelenski isə Putinlə danışığın əhəmiyyətsiz olduğu qənaətindədir.
Teleqraf.com xəbər verir ki, bu barədə “Atlas” Araşdırmalar Mərkəzinin təhlilində deyilir.
Mərkəzin ekspertlərinin fikrincə, tərəflər arasında dialoq üçün zəmin yoxdur:
“Bu arada, Putin Hindistan Baş naziri Narendra Modi ilə telefonla danışıb. Modi Kiyevə səfərinin nəticələri barədə Putini məlumatlandırıb. Bu, Ukraynanın müstəqilliyi tarixində Hindistan liderinin Kiyevə ilk səfəri idi. Dehli Ukrayna mövzusunun Vaşinqton üçün xüsusi əhəmiyyət kəsb etdiyini anlayır. Bu səbəbdən Dehli Kiyevlə dialoqu genişləndirib. Modinin Kiyevə səfərindən başqa, Hindistan Xarici İşlər Nazirliyinin katibi Pavan Kapur Ukrayna Prezident Aparatının rəhbəri Andrey Yermakla görüşüb.
Həm Modinin Kiyevə səfəri, həm də Hindistanla Ukrayna arasında genişlənən dialoq Kremlin dəqqətini çəkib. Putin Modi ilə telefon danışığında Qərbi tənqid edib. Modi Putindən bir gün əvvəl ABŞ Prezidenti Co Baydenlə də telefonla danışmış, onunla Ukraynaya səfərinin yekunları barədə fikir mübadiləsi aparmışdı.
Bundan başqa, Hindistan müdafiə naziri Rajnat Sinq Pentaqonda görüşlər keçirərək, amerikalı həmkarı Lloyd Ostinlə hərbi əməkdaşlığın genişləndirilməsi ətrafında fikir mübadiləsi aparıb. Nazirlər yarımkeçiricilər sahəsində əməkdaşlıq imkanlarını, süni intellekt və birgə elmi tədqiqatları müzakirə ediblər”.
Məqalədə qeyd olunur ki, Hindistan “Tejas Mark 1A” reaktiv təyyarələri üçün ABŞ-ın “General Electric” şirkətinin F404 mühərriklərinin istehsalını nəzərdən keçirir:
“Göründüyü kimi, Dehlinin Moskva ilə müxtəlif sahələrdə əməkdaşlığına baxmayaraq, Hindistan hərbi sahədə ABŞ-la əməkdaşlığın genişləndirilməsinə üstünlük verib. Çünki Rusiya öz hərbi-sənaye kompleksini inkişaf etdirmək üçün yeni texnologiyalara sahib deyil. Bu olmadan isə dünya bazarlarında Rusiya hərbi texnikasına maraq azalacaq”.