28 Avqust 20:27
1 218
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukrayna ordusunun hücumunu davam etdirdiyi Kursk vilayəti Rusiya üçün Donbasdan daha az əhəmiyyət kəsb edir.

Teleqraf.com xəbər verir ki, bu barədə “Nyu-York Tayms” yazır.

ABŞ nəşri bildirir ki, üstün hərbi gücünə baxmayaraq, Rusiya həftələrdir Ukrayna qoşunlarını öz sərhədindən çıxara bilmir, bu uğursuzluq həm kadr çatışmazlığı, həm də prioritetlərin müəyyənləşdirilməsinin nəticəsidir.

Rusiyanın son iki gündə Ukraynaya qarşı yüzlərlə PUA və raketlərlə həyata keçirdiyi hava hücumları davamlı gücünün inandırıcı sübutu oldu. Bununla belə, Rusiya hələ də Ukraynanın bu ayın əvvəlində Kurskda ələ keçirdiyi kiçik bir ərazini geri qaytarmağa çalışır.

Qərb rəsmiləri və hərbi ekspertlərin fikrincə, Rusiyanın İkinci Dünya Müharibəsindən sonra ölkəsinə edilən ən böyük xarici işğalı indiyədək dəf edə bilməməsinin səbəbi təkcə şəxsi heyət və döyüş meydanında kəşfiyyatın olmaması yox, həm də prioritetlərdir.

Kurskun müdafiəsinə həvəssiz yanaşan Rusiya Donbasda Pokrovsk şəhərini ələ keçirməkdə daha da qərarlıdır. Donbasdan Kurskun müdafiəsi üçün çox az qüvvə çıxarılıb.

“Rusiyanın bu hücumunun məqsədi heç olmasa, Pokrovsku ələ keçirməkdir”, - avstriyalı polkovnik Markus Reyzner nəşrə deyib.

Moskva Kursku da nəzarətdən kənarda qoymur, minlərlə hərbçisini burada yerləşdirib.

ABŞ ordusunun generalı Kristofer Kavoli bildirib: “Ukraynanın hücumu ruslara şok yaşatdı. Amma bu, əbədi davam etməyəcək, toparlanıb buna uyğun cavab verəcəklər”.

ABŞ nəşri hesab edir ki, Rusiya son gəlişmələrdən sonra Ukrayna ilə sərhəddə uzunmüddətli qarşıdurma planlaşdırır: “Moskvanın reaksiyası bir qədər ləngdir, amma metodik və hərtərəfli olacaq”.

Rusiya artıq Kurskda hücum helikopterləri yerləşdirib və son vaxtlar Ukrayna qüvvələrinə qarşı artilleriya zərbələrini artırıb. Ukrayna ordusunun baş komandanı Aleksandr Sırski hazırda Kurskda Rusiyanın 30 minlik qüvvəsinin olduğunu iddia edir.

Rusiya Kurskda Pokrovska əsas hücumunda yer almayan ehtiyat hissələri yerləşdirib. ABŞ rəsmilərinin fikrincə, Ukrayna qoşunlarını Kurskdan çıxarmaq üçün Rusiyaya ən azı 50 min hərbçi lazımdır.

Moskva hesablayır ki, Ukrayna gec-tez əlindən çıxmaq üzrə olan Donbasın qalan ərazilərini saxlamaq üçün öz qüvvələrini bura səfərbər etməyə məcbur olacaq.

Rusiya işğalın nəticəsiz qalmayacağını açıq şəkildə bildirib.

“Belə düşmənçilik davranışları müvafiq cavab verilmədən keçə bilməz. Mütləq cavab veriləcək”, - Kremlin sözçüsü Dmitri Peskov vurğulayıb.

NYT-nin həmsöhbətləri də Peskov kimi düşünürlər.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər