2 Sentyabr 12:12
3 336
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Prezidenti Vladimir Putin Monqolustana rəsmi səfərdən öncə bu ölkənin mediasına müsahibə verib.

Teleqraf.com xəbər verir ki, ölkə başçısına Rusiya-Ukrayna müharibəsi ilə bağlı da sual verilib.

Müsahibədə Putinə Ukrayna ilə hazırkı münaqişənin əsasının keçmiş SSRİ liderləri tərəfindən qoyulması barədə sözləri xatırladılıb. Buna cavab olaraq, Rusiya lideri növbəti dəfə Sovet İttifaqında respublikaların sərhədlərinin necə çəkilməsindən danışıb. Onun fikrincə, bu, çox vaxt “təsadüfi” edilib. müharibədən sonra Stalin Polşa və Rumıniya ərazilərini Ukraynaya verib, Xruşşov Krımdan imtina edib.

Putin həmçinin qeyd edib ki, sovet siyasətçiləri öz dövrlərinin reallıqlarından çıxış ediblər.

“Hazırda Ukraynada baş verən faciənin əsas səbəbi ABŞ başda olmaqla kollektiv Qərbin düşünülmüş anti-Rusiya siyasətidir. Onillərdir Ukrayna üzərində tam nəzarəti əldə etməyə çalışırlar. Orada millətçi və anti-Rusiya qurumlarını maliyyələşdirir və sistemli şəkildə Rusiyanın guya Ukraynanın əbədi düşməni, onun mövcudluğuna əsas təhlükə olması konsepsiyasını təbliğ edirlər”, - Rusiya prezidenti deyib.

Putin bildirib ki, mahiyyət etibarilə Ukrayna Qərbin geosiyasi ambisiyalarının həyata keçirilməsində sövdələşmə obyektinə çevrilib:

“Bu gün biz Qərbin Ukraynaya qarşı destruktiv strategiyasının məntiqi nəticəsinin şahidiyik. Üstəlik, Qərb elitaları indiki rejimi Rusiyaya qarşı mübarizədə silah hesab edərək ona irimiqyaslı siyasi, maliyyə və hərbi dəstək verməkdə davam edirlər. Biz bütün bunları görürük və Rusiya və vətəndaşlarımızın təhlükəsizliyini təmin etmək üçün xüsusi hərbi əməliyyat çərçivəsində qarşıya qoyulan bütün tapşırıqları ardıcıl olaraq yerinə yetirməyə davam edəcəyik”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər