Böyük dövlətlərin Afrika qitəsi uğrunda rəqabəti genişlənib. Keçmiş illərdə Afrika ölkələrində daha çox ABŞ və bir sıra Avropa ölkəsinin marağı var idi. Ancaq son illərdə vəziyyət dəyişib. Rusiya, Türkiyə və Çin Afrika qitəsində müxtəlif layihələr həyata keçirməyə çalışır.
Teleqraf.com xəbər verir ki, bu barədə “Atlas” Araşdırmalar Mərkəzinin təhlilində deyilir.
Məqalədə qeyd olunur ki, sentyabrın əvvəlində Pekində Çin-Afrika Əməkdaşlıq Forumu (FOCAC) keçirilib:
“Forumda Afrika Birliyinin 55 ölkəsindən 53-ü iştirak edib. Çin lideri Si Cinpin tədbirdə Pekinin borc altında olan Afrika ölkələrinə dəstəyini əhəmiyyətli dərəcədə artıracağını bəyan edib. Pekin üç il ərzində Afrika ölkələrinə 51 milyard dollar dəyərində maliyyə yardımı göstərəcək. Çin bu yolla Afrika ilə iqtisadi əlaqələrini daha da dərinləşdirməyi hədəfləyir.
Cinpin Çinlə Afrika qitəsinin dünya əhalisinin üçdə birini təşkil etdiyini bildirib. Çin lideri ölkəsinin Afrika ilə bağlı uzunmüddətli strateji planının olduğunu vurğulayıb. Rəqəmlər də bundan xəbər verir. Çinin 3 il əvvəl Afrika ölkələri ilə birgə keçirdiyi forumda Pekin qitə ölkələrinə 10 milyard dollarlıq investisiya və əlavə 10 milyard dollarlıq kredit vəd vermişdi. İndi Çin investisiya həcmini 5 dəfə artırıb.
Kreditlər cazibədar olsa da, Afrika ölkələrini borc bataqlığına sürükləyir. Qitə ölkələrinin bir qismi indinin özündə Çindən aldıqları borcu qaytarmaqda çətinlik çəkir. Pekin borc məsələsində Afrika ölkələrinə güzəştə getmir. Digər tərəfdən, Pekin borcu olan bölgə ölkələrinə yeni kredit xətləri açmaqdan da imtina etmir. Bununla həmin ölkələr Çindən daha çox asılı vəziyyətə düşürlər”.
“Atlas”ın ekspertləri söyləyirlər ki, ABŞ Çinin Afrikadakı doninantlığını pozmağa çalışır:
“Məsələn, ABŞ Qabon üçün iqtisadi və təhlükəsizlik sahəsində yardım paketi hazırlayıb. Buna baxmayaraq, ABŞ Çin qədər Afrika ölkələrinə maliyyə və kredit ayıra bilmir. Çinin Afrikada möhkəmlənməsinin hərbi səbəbi də var. Çin qitənin bəzi ölkələrində hərbi bazalar yaradır. Məsələn, sahil ölkəsi olan Cibutidə əvvəlcə lojistik mərkəzi qurdu, bir müddət sonra həmin mərkəz hərbi dəniz bazasına çevrildi.
Pekin qitə ölkələrindən Anqola, Ekvatorial Qvineya, Tanzaniya və Mozambikdə də hərbi bazalar yaratmağa can atır. Pekin həm də bu ölkələrlə birgə hərbi təlimlər keçirib. Çin hərbi bazalarının Afrikanın şərq sahilində mövcudluğu və bu bölgədə artan hərbi təlimlər ABŞ üçün problemlər yaradır”.