9 Sentyabr 20:44
4 190
12 Punto 14 Punto 16 Punto 18 Punto

Çox güman ki, İran artıq Rusiyaya 120 kilometrə qədər uçuş məsafəsi olan “Əbabil” və “Fəth-360” raketlərini təhvil verib.

Teleqraf.com xəbər verir ki, bunu ukraynalı hərbi analitik Oleq Katkov deyib.

“İran bundan əvvəl Yəmən husilərinə də ballistik raketlər vermişdi və buna görə ona heç nə edilməyib. Qərbin bu məsələdə dişsizliyi İrana Rusiyanı silahlandırmağa davam etməsinə imkan verir. Pilotsuz təyyarələrə reaksiya vermədilər, indi də növbə raketlərə çatıb”, - ekspert bildirib.

Onun sözlərinə görə, İranın Rusiyaya raket ötürməsi ehtimalı 2022-ci ilin oktyabrından müzakirə edilir, indi də anlaşma icra olunur.

Əvvəllər İranın uçuş məsafəsi 300-700 km olan “Zülfüqar” və “Fateh-110” raketlərini Rusiyaya verəcəyi deyilirdi. Katkovun fikrincə, indi söhbət qısamənzilli “Əbabil” və “Fəth-360” raketlərindən gedir. Müvafiq olaraq bunların uçuş məsafəsi 90-120 km-dir.

“Söhbət uzaq arxa bölgələri vurmaq üçün lazım olmayan, amma ön mövqelər və şəhərlərə, xüsusən Xarkov və Zaporojeyə zərbə endirə biləcək raketlərdən gedir”, - Katkov vurğulayıb.

Ekspert əlavə edib ki, bu vəziyyətdə Ukraynanın bəzi tərəfdaşlarının məntiqsiz davranışları çox anlaşılmazdır. Onun sözlərinə görə, ABŞ Rusiyanı niyə qoruduğuna dair suallara cavab verməlidir. Qərbdən Ukraynaya silah tədarük edilir, amma bunlardan Rusiya ərazisindəki hərbi obyektlərə qarşı istifadə etmək olmaz – qadağandır. Katkov bu durumu “qəribə” adlandırıb. Ekspert əlavə edib ki, burada mümkün eskalasiyadan danışmaq yersizdir, çünki bu gün Ukrayna artıq nüvə dövlətinin ərazisində - Kursk vilayətində hərbi əməliyyatlar aparır.

“Tarixdə heç kim bunu etməyib”, - ukraynalı analitik bildirib.

Ağ Evin Milli Təhlükəsizlik Şurasının sözçüsü Şon Savett bundan öncə xəbərdarlıq edib ki, İranın ballistik raketlərinin Rusiyaya ötürülməsi Tehranın Ukraynaya qarşı müharibəyə dəstəyinin ciddi şəkildə artması demək olacaq. O, ABŞ-ın belə bir transferdən xəbəri olub-olmaması barədə ətraflı məlumat verməyib. Amma Savett bunun mümkün nəticələrinin olacağını iddia edib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər