10 Sentyabr 10:48
2 558
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukraynada keçirilən rəy sorğuları göstərir ki, ötən ilki uğursuz əks-hücumdan sonra Rusiya ilə danışıqlara dəstək artmağa başlayıb. Amma əksər ukraynalılar hələ də Rusiya tərəfindən işğal olunmuş bütün torpaqların qaytarılması üçün mübarizəni davam etdirmək istədiklərini deyirlər.

Teleqraf.com xəbər verir ki, bu barədə “The Wall Street Journal” yazır.

ABŞ nəşri bildirir ki, Ukraynada Rusiya ilə istənilən razılaşmaya düşmən olan bir kəsim var: ordu.

Son sorğuya görə, veteranlar və həqiqi hərbi qulluqçuların yalnız 18 faizi hesab edir ki, Ukrayna müharibəyə danışıqlar yolu ilə son qoymağa çalışmalıdır. Bu, sorğu aparılan bütün demoqrafik qruplar arasında ən aşağı göstəricidir. Əsgər və veteranların 15 faizi müharibəyə qoşulacaqlarını bildirib. Onların sözlərinə görə, Kiyev razılaşmadıqları sülh müqaviləsi imzalasa, silahlı etiraz aksiyası keçiriləcək.

Ordunun III Hücum Briqadasının komandiri Andrey Biletski qeyd edir ki, cəmiyyətdə müharibə yorğunluğu olsa da, heç bir hərbi fəlakət baş verməyib.

“Ukrayna ən azı ərazilərin əhəmiyyətli hissəsini geri ala bilər. Mən müharibəni təsadüfi bitirməkdə böyük təhlükə görürəm”, - komandir vurğulayır.

Ukrayna hərbçilərinin çoxu əmindir ki, sülh müqaviləsi olacağı təqdirdə Vladimir Putin fasilədən yalnız Rusiya silahlı qüvvələrini yenidən təchiz etmək üçün istifadə edəcək və sonra yenidən ölkəyə hücuma keçəcək.

42 yaşlı veteran İvan Pançenko Ukrayna ərazisinin təslim edilməsi ilə bağlı istənilən plana qarşı çıxacağını deyir.

Həmçinin sorğular geniş ictimaiyyətin Putinlə sövdələşmələrə şübhə ilə yanaşdığını göstərsə də, bir çoxları, xüsusən də gənclər müharibəni dayandırmaq üçün qələbə olmayan sülh şərtlərini qəbul etməyə hazırdırlar.

Zaporojedən olan Alla Pronina söyləyir ki, keçən ilki uğursuz əks-hücumdan sonra danışıqların mümkünlüyünü nəzərdən keçirməyə başlayıb. İndi əri müharibədə olduğu üçün o, sülh müqabilində hazırda Rusiyanın işğal etdiyi bütün ərazilərdən imtina etməyə hazırdır.

Politoloq Vladimir Dubovikin sözlərinə görə, ictimai rəydə dəyişiklik Vladimir Zelenskiyə hansısa sazişi bağlamaq imkanı verəcək.

“İnsanların Rusiya ilə danışıqlara daha hazır görünməsinin özü böyük dəyişiklikdir”, - Dubovik bildirir. Amma əlavə edir ki, istənilən atəşkəs mühüm siyasi risklər daşıyır. Yəqin ki, bir çox ukraynalı bunu pis razılaşma kimi qəbul edəcək.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər