Ukrayna Silahlı Qüvvələri tezliklə Donetsk vilayətinin Uqledar şəhəri üzərində nəzarəti itirəcək.
Teleqraf.com xəbər verir ki, bunu Ukrayna ordusu Baş Qərargahının keçmiş sözçüsü, hərbi analitik Vladislav Seleznyov deyib.
“Şəhərin cənub-şərq hissəsi artıq düşmən ordusunun nəzarətindədir, burada rusların hərbi mövcudluğu getdikcə artır”, - analitik bildirib.
Seleznyovun fikrincə, əsas problem şəhərdə yox, getdikcə sıxlaşan yarımmühasirədədir. Rusiya ordusu Uqledardakı Ukrayna qoşunlarını təmin edən əsas logistika yollarını bağlayıb.
“Dünənə qədər müdafiə qüvvələrimizi təchiz etmək və ağır yaralıları Uqledardan çıxarmaq üçün istifadə edə biləcəyimiz iki yol vardı. Bu gün səhərdən artıq bir yol qalır. Təsəvvür edin: bu yol itirilsə, nə baş verəcək?”, - ekspert vurğulayıb.
Onun sözlərinə görə, hazırda əsas məsələ mühasirə təhlükəsi ilə üzləşmiş Ukrayna hərbçilərinin təxliyyəsi ilə əlaqəlidir.
Seleznyov Rusiya ordusunun bu istiqamətdə total üstünlüyə malik olduğunu açıqlayıb. Ukrayna Silahlı Qüvvələrinin müqavimət, eləcə də mühsirə təhlükəsini aradan qaldırmaq üçün resurs və imkanları yoxdur.
Baş Qərargahın keçmiş sözçüsü buna görə də, şəhərin tezliklə itiriləcəyini proqnozlaşdırır: “Ruslar Boqoyavlenkanı darmadağın etdikdən sonra anlayırlar ki, Uqledardakı qüvvələrimiz geri çəkiləcəklər”.