Rusiya xarici işlər naziri Sergey Lavrov Moskvanın Gürcüstan, Cənubi Osetiya və Abxaziyada (Gürcüstandan ayrılmış separatçı respublikalar - red.) sülhün bərqərar olmasına dəstək verməyə hazır olduğunu bildirib.
Teleqraf.com xəbər verir ki, nazir ölkəsinin bölgədə sülhdə maraqlı olduğunu iddia edib.
“Aydındır ki, Gürcüstanın indiki rəhbərliyi keçmişi vicdanla qiymətləndirir. Onlar tarixi barışıq istədiklərini söyləyirlər”, - Lavrov vurğulayıb.
Onun fikrincə, barışığın necə ola biləcəyinə tərəflər özləri qərar verməlidirlər. Lavrovun sözlərinə görə, bütün tərəflər münasibətlərin tənzimlənməsi və razılaşmaların təmin edilməsində maraqlıdırsa, Moskva dəstək verməyə hazırdır.
Gürcüstan Baş naziri İrakli Kobaxidze bundan öncə Tiflisin Abxaziya və Cənubi Osetiya ilə bütün dağıdılmış körpüləri bərpa etməyə ümid etdiyini açıqlamışdı.
"Əgər hakim “Gürcü Arzusu” Partiyası oktyabrın 26-da keçiriləcək parlament seçkilərində qalib gəlsə, Gürcüstan 2008-ci ildə Cənubi Osetiya ilə müharibəyə görə üzr istəməyə güc tapacaq", - baş nazir qeyd etmişdi.
Kobaxidze osetinlər və abxazları vahid dövlətdə birləşmək və yaşamağa çağırmışdı.
Partiyanın qurucusu Bidzina İvanişvili də baş verənlərə görə keçmiş prezident Mixail Saakaşvilini ittiham etmişdi.
Son aylarda Gürcüstanla Avropa Birliyi və ABŞ arasında yaşanan gərginlik, yaxud Tiflisin Qərbə inteqrasiya prosesində fasilə verməsi Abxaziya və Cənubi Osetiya ilə bağlı da maraqlı iddiaları gündəmə gətirib. Analitiklərə görə, yenidən Rusiya ilə yaxınlaşmağa başlayan Gürcüstan işğal edilmiş ərazilərini qaytarmaq niyyətindədir. Lavrovun son bəyanatını bu yöndə verilmiş siqnal hesab etmək olarmı? Hər şey Gürcüstan seçkilərindən sonra bəlli olacaq.