Rusiya ordusu Ukraynanın Donetsk vilayətinin Toretsk şəhərinə daxil olaraq, mərkəzə doğru irəliləyir. Həmçinin ruslar Toretskdən Uqledara qədər uzanan, bir neçə strateji əhəmiyyətli şəhər və kəndlərə yaxınlaşan cəbhə xətti boyunca əraziləri ələ keçiriblər.
Teleqraf.com xəbər verir ki, bölgədəki şiddətli döyüşlər Kremlin artıq qismən nəzarətində olduğu bütün Donetski ələ keçirmək kimi çoxdankı məqsədini əks etdirir.
“New York Times” yazır ki, bu səbəbdən ən şiddətli döyüşlər məhz burada gedir. Hazırda ruslar bölgənin təxminən üçdə ikisinə nəzarət edirlər. Qalan hissəni tutmaq üçün Ukraynanın bir neçə müdafiə xətti və tank əleyhinə səngərləri və əhalinin sıx məskunlaşdığı şəhər mərkəzlərini yarmalı olacaqlar.
İlin əvvəlindən rusların Donetskdə ləng, amma davamlı irəliləyişi Rusiyaya Ukraynanın müdafiəsində əsas rol oynayan bir neçə müdafiə xətti və strateji yüksəklikləri ələ keçirməyə imkan verib. Hərbi analitiklərin fikrincə, bu uğurlar Rusiyaya gələcəkdə regionu tam ələ keçirmək imkanı yaradır.
Toretskin işğalı ruslara Ukraynanın Donetskin hələ də nəzarət etdiyi hissəsində əsas müdafiə kəmərini təşkil edən bir neçə şəhəri birləşdirən magistral yolda irəliləməyə imkan verəcək.
NYT qeyd edir ki, Rusiya qoşunları logistika qovşağı olan strateji Pokrovsk şəhərinə doğru da irəliləyir. Ruslar şəhəri mühasirə yolu ilə ələ keçirməyə çalışırlar.
Rusiya ordusu Pokrovskdan çox da uzaq olmayan Selidovoy ətrafında da mövqelər yaratmağa nail olub. Nəşr hesab edir ki, buranın tutulması cinahlardan Pokrovsku mühasirəyə almaq cəhdlərini asanlaşdıracaq.