İsrail İranın nüvə obyektlərini vurarsa, Qiyamət müharibəsi baş verəcək.
Teleqraf.com xəbər verir ki, bunu türkiyəli analitik, professor Süleyman Seyfi Öyün deyib.
“Optimist şərhdir, amma təxminim budur: İsrail ABŞ-ın təzyiqi ilə (yalnız) İranın raket sistemləri kimi hərbi nöqtələrini vuracaq. Məsafə çox uzun olduğu üçün ABŞ-sız əməliyyat çox çətindir”, - analitik bildirib.
Öyün gərginliyin “heç-heçə” bitəcəyini təxmin edir:
“Məsələ bərabər hesabla bitəcək. Yəni sən mənim hərbi bazalarımı vurdun, mən də sənin. İran buna hazırdır. Əgər məsələ başqa bir şeyə çevrilərsə, neft və nüvə obyektləri hədəfə alınarsa, bunun sonu yoxdur. Məsələ matruşkaya çevriləcək – ssenari içindən ssenari çıxacaq. Belə durumlarda nəzarəti saxlamaq çox çətindir”.
Professor vurğulayıb ki, İranın nüvə obyektlərinin hədəfə alınması ağır nəticələr doğura bilər:
“İsrail İranın nüvə obyektlərini vurarsa, Qiyamət müharibəsi baş verəcək. Sizcə, Rusiya bunu həzm edə bilərmi? İran yıxılıb parçalansa, nə Rusiya, nə də Çin bunu qəbul edəcək. Bu üç dövlət Hind okeanında birgə təlimlər keçirib. Bütün hekayə ABŞ və Çin arasındakı müharibə ilə bağlıdır.
Çin İsrailin planlarını alt-üst edən bir addım atdı: Səudiyyə Ərəbistanı - İran münasibətlərini, yəni Körfəzdə durumu normallaşdırdı. Əsas məsələ bu nöqtədədir. HƏMAS-ın İsrailə hücumu da bundan sonra baş verdi.
Belə bir durumda başqa bir addım münaqişənin miqyasını genişləndirə bilər. Bu, ABŞ-ın heç vaxt qəbul edə bilməyəcəyi bir şeydir”.