Avropa Parlamenti Gürcüstanla bağlı qətnamə layihəsini təsdiqləyib.
Teleqraf.com xəbər verir ki, layihə “Gürcüstanda demokratiyanın tənəzzülü və siyasi plüralizm üçün təhlükələr haqqında” adlanır.
“Avropa Parlamenti bir daha gürcü xalqının qanuni Avropa və korrupsiyadan azad, fundamental azadlıqlara tam hörmət edən, insan hüquqlarını qoruyan, açıq cəmiyyət və müstəqil media üçün şərait yaradan ölkədə firavan yaşamaq istəklərini güclü dəstəklədiyini bir daha təsdiqləyir”, - layihədə deyilir.
AP vurğulayır ki, Gürcüstana Avropa Birliyi üzvlüyünə namizəd ölkə statusunun verilməsi qərarı Gürcüstan siyasi cəmiyyətinin nailiyyətləri və demokratik səylərini tanımaq istəyi, habelə vətəndaşların AB-yə üzvlük tələbi ilə bağlı olub:
“Avropa Şurası Prezident Salome Zurabişvilinin Gürcüstanı demokratik və avropapərəst inkişaf yoluna qaytarmaq səylərini yüksək qiymətləndirir, “Gürcü Arzusu” Partiyasının əsassız impiçment vasitəsilə Gürcüstan prezidentini susdurmaq cəhdlərini qətiyyətlə pisləyir və qınayır”.
Avropalı parlamentarilərin sözlərinə görə, impiçment prosesi 2023-cü ildə aktiv siyasətə qayıdan və “Gürcü Arzusu”nun fəxri sədri olan oliqarx Bidzina İvanişvilinin tapşırığı ilə başladılıb: “Həmin partiya Rusiyaya yaxınlaşmaq üçün siyasi böhran şəraitində ölkənin Avropaya inteqrasiyasını pozmağa çalışır.
“Biz bir daha AB Şurası və demokratik tərəfdaşları İvanişvilinin Gürcüstanda siyasi proseslərin pisləşməsindəki roluna, eləcə də Rusiyanın xeyrinə olan digər addımlarına görə dərhal və məqsədyönlü fərdi sanksiyalar tətbiq etməyə çağırırıq”, - qətnamədə vurğulanır.