Avropa Parlamentinin Gürcüstanla bağlı qəbul etdiyi qətnamə ölkəmizin daxili işlərinə “həyasız müdaxilədir”.
Teleqraf.com xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında hakim “Gürcü Arzusu-Demokratik Gürcüstan” partiyasının sədri İrakli Qaribaşvili söyləyib.
Qaribaşvili deyib: “Bu qətnamə birinci deyil və yəqin ki, sonuncu da olmayacaq. Biz bu cür ədalətsiz qərar və ya qətnamə layihələrini çox görmüşük. Yadınızdadırsa, 2 il əvvəl ölkəyə namizəd statusu verilməyəndə, bu qərarın qəbuluna 1-2 həftə qalmış oxşar məzmunlu “mesajlarla” oxşar, ədalətsiz, biabırçı qətnamə qəbul edilmişdi. O zaman da Bidzina İvanişviliyə qarşı sanksiyaların tətbiqi, Saakaşvilinin azad edilməsi, Kezeraşvilinin media meneceri kimi qeyd olunması ilə bağlı tələbləri var idi”.
Onun sözlərinə görə, bu qərar iki il əvvəl qəbul edilib. “İndi seçkilərə iki həftə qalmış görürük ki, bizim radikal, müflis müxalifətimizi dəstəkləyən və müdafiə edən lobbiçilər Gürcüstan əleyhinə oxşar məzmunlu qətnamə hazırlayırlar. Bu da təbii ki, daxili işlərə açıq-aşkar müdaxilənin növbəti nümayişidir. Mən bunu ölkəmizin daxili işlərinə açıq-aşkar müdaxilə adlandırardım. Heç kim seçkilərə iki həftə qalmış hansısa ölkədə seçki proseslərinə belə kobud, həyasız müdaxilə, manipulyasiya və insanlara təsir cəhdini görməyib”, - deyə Qaribaşvili vurğulayıb.