ABŞ-ın Florida ştatını vuran Milton qasırğası nəticəsində azı 9 nəfər ölüb.
Teleqraf.com xəbər verir ki, bu barədə NBC telekanalı məlumat yayıb. Daha əvvəl təbii fəlakət nəticəsində 4 nəfərin öldüyü bildirilirdi. Telekanalın məlumatına görə, Volusiya qraflığında daha 3 nəfər, bir gündə 45 sm yağışın yağdığı Sent-Pitersberq şəhərində isə daha iki nəfər ölüb.
3-cü kateqoriyalı Milton qasırğası Siesta Key şəhəri yaxınlığında yerə enib. Cümə axşamı səhər qasırğa birinci kateqoriyaya qədər zəifləyib. “PowerOutage” monitorinq qurumunun məlumatına görə, ştatın 3 milyondan çox sakini işıqsız qalıb.
Oktyabrın 7-də ABŞ prezidenti Co Bayden ştata yaxınlaşan qasırğa ilə bağlı Florida ştatında fövqəladə vəziyyətin elan edilməsi haqqında sərəncam imzalayıb və yerli hakimiyyət orqanlarına federal yardımın göstərilməsi üçün göstəriş verib.
Sentyabrın sonunda ABŞ-ın cənubunu vuran Helen qasırğası 200-dən çox insanın ölümünə və bölgəyə təqribən 35 milyard dollarlıq ziyan dəyməsinə səbəb olub.