Türkiyə hökuməti “Eurofighter Typhoon” hərbi təyyarələrinin satın alınması ilə bağlı Berlindən müsbət cavab gözləyir.
Teleqraf.com xəbər verir ki, Almaniyanın silah ixracatından məsul İqtisadiyyat Nazirliyi DPA agentliyinin məsələ ilə bağlı sorğusunu “Almaniya hökuməti prinsip etibarilə davam edən proseslər barədə şərh vermir” şəklində cavablandırıb.
Məlumatda qeyd olunub ki, Türkiyə hökuməti Almaniya, İngiltərə, İtaliya və İspaniyanın formalaşdırdığı konsorsium tərəfindən istehsal edilən “Eurofighter Typhoon” hərbi təyyarələrindən 40 ədəd satın almaq istəyir. Bu təyyarələrin istehsalında Almaniya da iştirak etdiyi üçün ixrac proseduru rəsmi Berlin tərəfindən də təsdiq olunmalıdır. Türkiyə ixracla bağlı keçən ildən etibarən Almaniyadan təsdiq gözləyir. Milli müdafiə naziri Yaşar Güler daha əvvəl verdiyi açıqlamada Türkiyənin İngiltərə və İspaniyanın məsələ ilə bağlı təsdiqini aldığını bildirib. Xatırladaq ki, bir neçə gün əvvəl “Spiegel” qəzeti Türkiyəyə silah ixracını xeyli müddətdir məhdudlaşdıran federal hökumətin silah ixracatı ilə bağlı siyasətində bəzi dəyişikliklər etdiyini iddia etmişdi.