ABŞ Prezidenti Cozef Baydenin “Milton” qasırğası ilə əlaqədar Almaniyaya təxirə salınan səfərinin yeni tarixi elan olunub.
Teleqraf.com xəbər verir ki, Cozef Baydenin oktyabrın 18-də Berlinə səfər edəcəyi bildirilib. Səfər çərçivəsində Birləşmiş Ştatların dövlət başçısının Almaniya Prezidenti Frank-Valter Ştaynmayer və Kansler Olaf Şoltsla görüşləri nəzərdə tutulub.
Bu, Cozef Baydenin dördillik prezidentliyi dövründə Berlinə ilk səfəri olacaq. O, 2022-ci ildə Bavariyadakı Elmau şəhərində keçirilən G7 Sammitində iştirak etmişdi. Prezident, həmçinin ötən il oktyabrın 7-də HƏMAS-ın hücumundan sonra İsrail səfərindən qayıdarkən prezident təyyarəsinə (Air Force One) yanacaq doldurulması üçün Rammşteyn şəhərindəki ABŞ hərbi bazasında olmuşdu.
Xatırladaq ki, Cozef Bayden oktyabrın 10-dan 12-dək planlaşdırılan səfərini Florida ştatında tüğyan edən “Milton” qasırğası ilə əlaqədar təxirə salmışdı. Qasırğa nəticəsində ABŞ iqtisadiyyatına təxminən 50 milyard dollar ziyan dəyib.